“Taxt-tac oyunları” serialının çəkiliş meydançası - SPLİT

“Taxt-tac oyunları” serialının çəkiliş meydançası - SPLİT
Xəbərlər 9 Noyabr 2018 14:28 545
“Taxt-tac oyunları” serialının çəkiliş meydançası - SPLİT

Qədim zamanlarda – 305-ci ildə Roma imperatoru Diokletian Adriatik dənizi sahilində özünün yeni sarayının tikintisi üçün yer seçməyə qərar verir. Gələcəkdə Split adlanacaq şəhərin əsası da məhz belə qoyulur. Zamanla şəhər böyüyür və çoxlu sayda yeni tikililəri ilə yeni görkəm alır. Lakin imperator sarayı bu gün də Splitin ən möhtəşəm binası olaraq qalır. Onun qalın divarları “Taxt-tac oyunları” serialının bir sıra səhnələrinin çəkiliş meydançası olub və indi bu məkan tarixi film həvəskarlarının axınına uğrayır.

Əlverişli iqlimi və yerləşdiyi məkan, habelə gülərüz insanları Spliti Xorvatiyanın ən çox turist cəlb edən şəhərinə çevirib.

Diokletian və ya imperator sarayının sirləri

Splitlə Xorvatiyanın paytaxtı Zaqrebi 400 kilometrlik məsafə ayırır, həmin vaxt bizim olduğumuz Şibenikdən isə bu şəhərə 1,5-2 saatlıq yol var. Şəhərin girişində bizi qalın palma ağacları əkilmiş və gözəl buxtası olan dənizkənarı park qarşılayır. Burada Spliti çoxsaylı adalarla birləşdirən bərələr və kruiz laynerləri sıx cərgə ilə düzülüb. Bu şəhər Adriatik marşrutu üzrə vazkeçilməz məntəqədir və İtaliya və Yunanıstan şəhərlərindən gələn gəmilər Xorvatiya sahillərinə böyük turist axınını təmin edirlər. 

Əlbəttə, turistlər, ilk növbədə, Köhnə şəhərin özəyi olan Diokletian sarayına can atırlar. Onlar tarixdə nadir hallarda rast gəlinən saray ətrafında salınan şəhəri görmək imkanı əldə edirlər. Lakin bu, Diokletianın öz sarayını boş ərazidə tikdiyi anlamına gəlmir. Əslində, o zamanlar bu ərazilər müasir Splitdən təxminən 8 kilometr şimalda yerləşən və Roma imperiyasının Dalmatsiya əyalətinin paytaxtı olmuş Salona şəhərinə aid olub. Deyilənlərə görə, Salona Diokletianın vətəni olub və imperator buraya ahıllıq illərini sakit keçirmək üçün gəlib. Taxt-tacdan imtina etdikdən sonra o, burada 8 il – dünyasını dəyişənədək yaşayıb.

Saray qonşu Braç adasından gətirilmiş yüksək keyfiyyətli ağ əhəngdaşından inşa olunub. Bəzək üçün materiallar - Misirin qranit sütunları, sfinkslər, üzlük mərmərlər və s. imperiyanın digər yerlərindən gətirilib. Kompleks hərbi düşərgə və dəbdəbəli villadan ibarətdir, həmçinin burada saraya üç tərəfdən girişi təmin edən darvazalar və monumental divarlar mövcuddur. Dəniz tərəfdən isə yalnız kiçik bir keçid qoyulub. Sarayın girişindəki əsas darvazalar Qızıl və Gümüş olaraq adlandırılıb.

Sarayın enli divarlarında Splitin müxtəlif tarixi-mədəni tikililəri, o cümlədən orta əsərlərdə xristian baptistlərinin ibadətgahı olan Yupiter Məbədi və keçmiş imperator türbəsinin əsasında tikilən Kafedral kilsə yerləşir.

Kompleksin “peristil” adlanan həyəti dünyanın ən möhtəşəm və unikal tarixi ərazilərindən biridir. Hazırda bu yer kiçik və rahat meydana çevrilib.

Sarayın ehtiyacları üçün suyu Salonanın yaxınlığında yerləşən Yadro çayından götürürdülər. Splitdən Salonayadək yolboyu XIX əsrdə bərpa olunmuş orijinal akvedukun qalıqları görünür.

Diokletian sarayı Xorvatiyanın Adriatik dənizi sahillərində ən məşhur və möhtəşəm tarixi-memarlıq əsəridir. Bu kompleks, həmçinin sarayın ətrafında yaradılmış Splitin bütün tarixi mərkəzi UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib.

“Taxt-tac oyunları”, qalstuk və qurbağa pəncələri

Məşhur “Taxt-tac oyunları” serialının bəzi səhnələri Diokletian sarayının zirzəmisində lentə alınıb. Sarayın aşağı mərtəbəsinin bir hissəsi hazırda bazar kimi istifadə olunur. Enli sütunların arasında qoyulmuş piştaxtalarda suvenirlər, rəsm əsərləri, kiçik əl işlərini və s. görmək olar. Xorvatiyada ən geniş yayılmış suvenirləri - üzərində milli ornamentlər olan qalstukları da burada əldə etmək olar. 

Rəvayətə görə, bir zamanlar qalstuk taxmaq dəbini xorvat əsgərləri yaradıblar. XVII əsrdə - Otuzillik müharibə dövründə və ondan sonra əsgərlər boyunlarına yaylıq bağlayırdı. XIV Lüdovikin zamanında bu ənənəni fransız əsgərləri də əxz ediblər. Yeri gəlmişkən, “cravate” sözünün mənşəyinin də “croat” (xorvat) olduğu ehtimal edilir. Bu kəlmə indi bir çox Avropa ölkələrində “qalstuk” mənasında işlədilir. Hərçənd ədalət naminə demək lazımdır ki, boyuna yaylıq bağlamaq hələ Roma legionerlərinin adəti olub, lakin məhz xorvatların sayəsində fransız aristokratiyası bu ənənəvi uniforma ünsürünü moda elementinə çevirib.

Bu yerlərin tarixini daha yaxşı anlamaq üçün Splitin muzeylərindən birinə baş çəkmək lazımdır. Məsələn, Diokletian sarayının şimal-şərq hissəsində - mərkəzində zadəgan Papaliç ailəsinin qotik üslubda tikilmiş malikanəsinin olduğu orta əsr tikililərindən ibarət kompleksin daxilində yerləşən Şəhər Muzeyi XV əsrdə xorvat memarı Yuray Dalmatiyalı tərəfindən layihələşdirilib və onun rəhbərliyi altında tikilib. Muzeyin zəngin ekspozisiyasında antik dövrün eksponatları – XI-XVI əsrlərdə venesiyalıların hakimiyyəti zamanlarına aid heykəllər, möhürlər, sikkələr diqqəti cəlb edir. Onların arasında Venesiya Respublikasında zadəganların rəsmi kataloqu olan “Qızıl kitab” (Libro d'Oro), XV-XVIII əsrlərdə Splitin müdafiəsi üçün silah arsenalı, mebel, interyer ləvazimatları, milli geyimlər və s. xüsusilə seçilir.

Köhnə şəhərin hər addımlığında rast gəldiyimiz Splitin autentik restoranları Dalmatiya mətbəxi ilə tanış olmaq üçün ən gözəl məkanlardır. Bu regionunun sakinlərinin əsas qida rasionu təzə balıq və dəniz məhsulları, özəl reseptlərlə hazırlanan qoyun əti, zeytun yağında qoyun pendiri, zeytun və kaperslər, bol miqdarda ədviyyat – cəfəri, sarımsaq, dəfnə yarpağı və rozmarindən ibarətdir. Soparnik (göyərtili piroq), Dalmatiya brudeti (qatı balıq supu), çay xərçəngi və s. ən sevimli yeməklərdir. Bizim üçün qeyri-adi olan isə xorvatların qurbağa əti yeməsidir! Hər halda, burada məzə sayılan qurbağa pəncəsi restoranların menyusuna daxildir və supermarketlərdə satılır. Yəqin ki, bu adəti Xorvatiyaya Napoleonun ordusu gətirib. Hərçənd xorvatlar Fransaya və bütün dünyaya daha nəfis yenilik – qalstuku bəxş ediblər.

Yeri gəlmişkən, qurbağalar barədə. Splitin mərkəzi küçələrindən birində yerləşən qeyri-adi “Froggyland” muzeyi məhz onlara həsr olunub. Burada Avropadakı 507 qurbağa növü müqəvvasının vasitəsilə müxtəlif məişət hadisələri canlandırılır. Təsəvvür edin ki, bu suda-quruda yaşayanlar necə tennis oynaya, yaxud parta arxasında otura və sirkdə çıxış edə bilirlər. Bu satirik ekspozisiyanın müəllifləri macar taksidermisti (müqəvva ustası) Ferents Merenin 1910-1920-ci illərdə yaratdığı müqəvva kolleksiyasını əsas götürərək insanların həyatına aid bu və ya digər hərəkətləri canlandırıblar.

Salona, Klis və Troqir

Spliti ziyarət edən turistlər çox vaxt onun ətrafındakı məkanlarla tanış olmaq üçün də vaxt ayırırlar. Burada məsafənin az olmasını da nəzərə almaq lazımdır. Məsələn, indi Solin adlanan tarixi Salona şəhəri Splitin cəmi 8 kilometrliyində yerləşir. 

Strabona görə, Salona dolmatların illiriy qəbiləsinin dəniz limanı olub. Bu şəhər mühafizə olunan körfəzin cənub yamacında – eyniadlı Salon (Yadro) çayının sahilində yerləşir. Eramızdan əvvəl I əsrdə Salona Roma imperiyasının hakimiyyəti altına keçib və tezliklə bütün Dalmatsiya əyalətinin inzibati mərkəzinə çevrilib. Sezarın Pompey üzərində qələbəsindən sonra Salona koloniya statusu alıb. Şərq və qərb istiqamətində genişlənən şəhər VI əsrdə böyük şərqi-adriatik metropoliyasının mərkəzi olub. Lakin VII əsrin ortalarına doğru Salona avar-slavyan ordalarının basqınları nəticəsində dağıdılıb. Əhalinin bir hissəsi adalara qaçıb, digərləri isə Diokletian sarayının divarlarında gizləniblər. Turistlər Salonanın yaxınlığında Roma Forumunun mənzərəli xarabalığı, darvazalar, şəhər divarları, II əsrə aid amfiteatr və digər antik obyektlərin olduğu arxeoloji parkı da görə bilərlər.

Cəzbedici sahil və rəngarəng ətraf ərazilər Splitin ayrılmaz hissəsidir. Şəhərin cənub girişində yerləşən altı kilometrlik günəşli “Podstranı” çimərlikləri evlərin, binaların, kiçik ailəvi mehmanxanaların və dəbdəbəli otellərin yaxınlığındadır. Splitin şimal tərəfdən girişində böyük Vranyaça mağarası var. Burada heykəllər, qəribə stalaktitlər, qayaüstü rəsmlərə rast gəlmək olar. Xorvatiya ərazisindəki daha bir möhtəşəm tikililərdən biri olan orta əsrlərə aid Klis qəsrini də görməyə dəyər. Bu tikili Mosor və Kozyak dağlarının arasındakı keçilməz dərənin yarğanlarında ucaldılıb. Klis qəsrindən Split, Salona və Yadro çayına gözəl mənzərə açılır. Bundan başqa, “Taxt-tac oyunları” serialının da bəzi səhnələri burada lentə alınıb.

Splitdən şimal-qərbə təxminən 30 kilometrlik məsafədə dəniz sahilindəki ən gözəl şəhərlərdən biri, UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş tarixi mərkəz - Troqir şəhəri yerləşir. Bu yerin tarixi eramızdan əvvəl III əsrə - yunan kolonistlərinin gəldiyi zamana gedib çıxır. Şəhərin darısqal daş küçələrində qədim zadəgan sülalələrinin sarayları qorunub saxlanılıb. Müasir Troqir turist şəhəri ahəngi ilə yaşayır və Adriatik sahillərinin daşlarda yaşayan əsrarəngiz tarixi gözəlliyinin cəlb etdiyi səyahətçilərin sevimli məkanıdır.

Biz isə Xorvatiyanın cənubuna – səyahətimizin son məkanı Dubrovnikə yola düşməliyik. Bu şəhəri haqlı olaraq Adriatik regionunun incisi adlandırırlar. Çox yaxşı qorunub saxlanmış Dubrovnikin yüksək divarlarla əhatə olunmuş Köhnə şəhəri UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib. Buradakı əlverişli iqlim şəraiti və isti dəniz oktyabrın sonunadək çimərliklərdə istirahət etmək imkanı yaradır.

Mənbə: Azertag

 

OXŞAR XƏBƏRLƏR