"Mən də getdim"- Nura Dünyamalıyeva: "Əbəs yerə deməyiblər ki, Budapeşt Avropanın qəlbi, azadlığın əsas şəhəri, şərqin Parisidir"- FOTO

Və beləliklə, yollandıq Budapeştə...
Xəbərlər 6 Fevral 2014 00:00 2173
"Mən də getdim"- Nura Dünyamalıyeva: "Əbəs yerə deməyiblər ki, Budapeşt Avropanın qəlbi, azadlığın əsas şəhəri, şərqin Parisidir"- FOTO

Şərqi Avropanın Parisi : Budapeşt səyahəti.

Nəhayət ki, dərsləri yoluna qoyub nəfəs almaq vaxtı çatdı. Neçə vaxtdır gözlədiyimiz səyahətə başlamağa az qalmışdı. Hansı ölkəyə gedək deyə düşünürdüm ki, birgə təhsil aldığım dostlarım Budapeşti tövsiyyə etdilər. Düzü, Budapeştə getməyi heç düşünmürdüm və bu fikri dostlarım səsləndirərkən üzümü turşutdum ki, ‘ bəs Budapeşt nədi? ‘. Sonra isə anamın ‘ yolun Budapeştdən düşsə, mütləq orda iki-üç gün gecələ, mənim vaxtımda Budapeşt özünü mənə sevdirə bilmişdisə, indiki halı ilə özünü sənə də mütləq sevdirər ‘ cümləsi düşdü. Və beləliklə, yollandıq Budapeştə.

İlk öncə, onu deyim ki, səyahət təşkil etmək o qədər də çətin deyil, sadəcə cibinizə uyğun havayolları, hotel və ya hostelləri və bir də şəhərin nəqliyyat sistemin (buraya gedəcəyiniz muzeyləri də daxil etmək olar, çünki muzey qiymətləri ölkədən-ölkəyə dəyişir. Bir muzeysevər olaraq deyim ki, muzeyə pul verərkən qiymətə deyil, təqdim olunan konteksə baxın, gələcək həyatınızda verdiyiniz pul üçün heyfslənməzsiniz ) əvvəlcədən araşdırmaq lazımdı, özü də samballı araşdırma. Bunun üçün sizə bir neçə sayt adı tövsiyyə edəcəm. İlk növbədə, onu qeyd edim ki, əgər tələbəsinizsə, low cost airlines ( ucuz havayolları) ilə səyahət etməyinizi tövsiyyə edərdim, low cost deyərkən, köhnə təyyarələrdən istifadə edən və yalnızca uçuş pulun tələb edən ( buraya nahar pulu daxil deyil, istəsəniz, uçuş zamanı müəyyən pul müqabilində qarnınızı doyura bilərsiniz ) havayolları daxildir. Təyyarələri köhnə olsa da, ürəyiniz rahat olsun, uçuşda heç bir problem çıxmır, sadəcə yeni təyyarələr deyil, istifadə olunmuş, amma keyfiyyət barədə problemi olmayan təyyarələrdi. Bu tip havayollarına özümün də həmişə istifadə etdiyim İslandiyanın ucuz havayolları ryanair.com-u başlıca məsləhət görərdim, digər havayollarına misal olaraq isə wizzair.com, easyjet ( bu havayolu özünü low cost adlandırsa da, buna şübhəm var, çünki ucuz bilet tək-tük tapılır ) göstərə bilərəm. Bir də onu qeyd edim ki, edreams.com saytına daxil olsanız, orda gedəcəyiniz yerə uyğun olaraq, bütün low cost olan airlineslarla tanış ola bilərsiniz.

Budapeştə bilet ucuz idi, hamıya məlumdur ki, çox da bahalı şəhər deyil. Təxminən 16 euro müqabilində ryanairdən istifadə edərək Budapeştə yollandıq. Budapeşt hamıya məlum olduğu kimi, Şərqi Avropaya daxildir və Macarıstanın paytaxtıdır. Budapeşt haqqında uşaqlıqdan birşey yadımdadır ki, şəhər Dunay çayı vasitəsilə iki hissəyə ayrılıb : Buda və Peşt. Havalimanından çıxıb taksiyə oturduq, sürücünün dediyinə görə Peşt daha böyükmüş və orda əhali daha sıx toplanıb. Bu arada onu da qeyd edim ki, havalimanı gedəcəyimiz hostelə uzaq olduğu üçün və hava şəraitini də nəzərə alaraq, taksi ilə getməyi üstün tutduq. Heç də peşman olmadıq, çünki taksi bizi təxminən 27 euro qarşılığında gedəcəyimiz mənzilə aparacağını qeyd etdi. Məndən başqa yanımda üç dostum da olduğu üçün 27 euronu aramızda paylaşıb getmək məntiqə uyğun idi. Həmçinin siz havalimanından şəhərə avtobusla da gedə bilərsiniz ( təxminən 17 euro ), amma avtobusun gec gəlməsi və hərəyə 17 euro ödəmək təbii ki, bizə sərf etməyəcəkdi.

 

Budapeşt gördüyüm qədərilə böyük bir şəhərdi. Gəzdiyiniz küçələrdə bəzən özünüzü neo klasik bir şəhərdə, bəzən də müasir bir şəhərdə hiss edəcəksiniz. Həqiqətən də şəhərə ayaq basar-basmaz şəhər haqqında olan neqativ fikrimdə yanıldım, gözəl şəhər idi. Əbəs yerə deməyiblər ki, ‘ Budapeşt Avropanın qəlbi, azadlığın əsas şəhəri, şərqin Parisidir ‘. Budapeşt bir neçə mədəniyyəti özündə birləşdirən ( Avropa, Osmanlı, Balkanlar, Boşeviklər ) Şərqi Avropanın ən gözə çarpan şəhərlərindən sayılır.

Onu da deyim ki, hər addımbaşı bərpa işləri gedir şəhərdə, hökümət Avropa birliyindən aldığı yardımlar vasitəsilə Budapeşti yenidən yaradır, sanki. Budapeştə gəldiyim gün hava yağışlı idi, heç ürək açan deyildi. Sürücüdüən Budapeşt haqqında xeyli məlumat öyrənərkən bu mövzuya da toxunduq. Dediyinə görə havalar soyuq olur, tez-tez yağış yağır və qışa doğru şaxtanın gücü daha da artır. Bizim Budapeştə getdiyimiz ay Noyabr ayına təsadüf etsə də, şaxtanı hiss edə bilirdik. Yol boyu gözümü maşının pəncərəsindən çəkmirdim ki, bəlkə , Budapeştin hansısa gözəlliyi gözümdən qaçar. Gördüyümüz hərşey haqqında uşaq kimi sürücüyə suallar verirdik, burda da hiss etdim ki, macarlar çox xeyirxah, istiqanlı və kömək etməyi sevən xalqdı. Sürücü həvəs və səbrlə heçbir sualımızı cavabsız qoymadı. Və bizi o xoş söhbətilə qalacağımız hostelə gətirib çıxardı. Qalacağımız yer haqqında da bir neçə fikir qeyd edəcəm.

İlk öncə, onu deyim ki, səyahət etməzdən öncə qalacağınız yeri həm şəraitinə, həm puluna, həm də yerləşmə yerinə görə ( şəhərə daha yaxın olmasına fikir verin ilk növbədə, çünki əgər qiyməti ucuz, amma şəhərə uzaq bir yer tapsanız, sizin cibiniz ziyan görəcək, verdiyiniz nəqliyyat pulları hostelə veriyiniz puldan qat-qat artıq çıxacaq. Ümumiyyətlə, səyahət edərkən mükün qədər piyada gəzməyi üstün tutun, hər küçədə sizin diqqətinizi çəkəcək bir şey mütləq tapılacaq ) detallı araşdırma aparın. Bunun üçün sizə hostelworld.com və hostelbookers.com kimi çox əlverişli saytları tövsiyyə edirəm. Bu saytlar vasitəsilə həm cibinizə uyğun, həm də istədiyiniz şəraitdə gecələyəcək bir yer mütləq tapacaqsınız. Budapeştdə gecələmək üçün Home Plus Hostel adında bir yer götürdük.

Dörd nəfər olmağımızın müsbət cəhəti o idi ki, gecələyəcəyimiz otaq private room (şəxsi otaq ) idi. Yəni, dörd dost olaraq eyni otaqda kef çəkəcəkdik. Budapeştə gəlmək fikriniz varsa, mütləq bu hosteldə gecələməyi tövsiyyə edərdim. Ələxsus da, tələbələr üçün normal qiymətə ( təxminən 15 euro, yalnız bu qiymət şəxsi otaq üçündür, bundan da aşağı qiymətə gecələyə biləcəyiniz otaq ala bilərsiniz ) normal şəraitdə tapıla biləcək bir hosteldir. Hostel işçiləri çox istiqanlıdılar, bizi qapıda qarşıladılar, hər detalla bizi tanış edib otağımıza yolladılar. Onu da qeyd edim ki, bizə şəhərin xəritəsin verərək, üzərinə Budapeştdə harada gəzməli-görməli yer varsa, ən xırda incəliyinə qədər qeyd etdilər. Hosteldə qalarkən şəxsən məni maraqlandıran üç şey varsa, biri otağın istiliyi, digəri təmizlik, üçüncüsü də məlumdur, şəhərə yaxınlığıdır ( hostel Marqarit körpüsünün düz qarşısında yerləşirdi, həm əla mənzərəsi vardı, həm də şəhərin düz mərkəzində idi ) . Bu üç şərtin hamısını ödəyən bir yerdə gecələmək kefimi yerinə gətirmişdi.

Bir sevdiyim cəhəti də nəzərinizə çatdırım : hosteldə balaca bir kitabxana vardı, içərisində fərqli üslublarda toplanmış ( həm macar dilində, həm də ingiliscə ) kitablar vardı, çoxu da səyahət kitabları. İşçilərin dediyinə görə, əgər sən bu kitabxanaya özünün hansısa kitabını təhvil versən, istədiyin kitabı alıb apara bilərsən. Yanında kitab yoxdursa, qaldığın müddət ərzində istədiyin kitabı oxuya bilərsən.

Axşam təxminən doqquz radələrində qarnımızı doyurmaq üçün hosteldən çıxdıq, yağış yağırdı. Sabahsı gün milli macar mətbəxin dadmaq üçün də yol boyu restoranlara göz gəzdirdik. Budapeştin məşhur ticarət mərkəzinə West End -ə daxil olduq.

Bu ticarət mərkəzində olarkən, sözün əsl mənasında itə bilərsiniz, çox böyükdür. Şərqi Avropanın ən böyük ticarət mərkəzi adını alıb. İtə bilərsiniz sözün əbəs yerə işlətmədim, çünki dörd nəfərlik qrup olaraq, biz ‘West End' -də itdik. Nömrələrimiz də ‘ roaming ‘ servisinə keçdiyi üçün bir-birimizi tapmaq çox çətin oldu.

İndi sizə danışım ‘ West End ‘ -dən. Dediyim kimi çox böyükdür və müasir bir tikilidi. İçərisində dünyanın sayılı brendlərinə, ( İtalyada görə bilmədiyim ‘ Starbucks ‘ -dan, ‘ Kfc ‘- dən tutun, geyim mağazaları ‘ Zara, Mango, Gucci ‘ kimi brendləri özündə cəmləşdirmişdi) rast gəlmək olar . İlk dəfə Starbucks qəhvəsini də burada daddım. Gəz-gəz bitirə bilməyəcəyiniz bir ticarət mərkəzidi. Vağzalın yanında yerləşir. Buranı gəzdikdən sonra ‘ sabah yenə gələrik' adı ilə qaldığımız yerin yanında yerləşən bir türk restoranına doğru qaçdıq.

O qədər ac idim ki, ömrümdə görmədiyim yeməkləri boşqabıma yığdım. Yağışa və yorğunluğa görə qrupdan iki nəfəri hostelə yola salıb, rəfiqəmlə düşdük Budapeşt küçələrinin canına.

Saat təxminən on bir-on iki radələri idi. Marqarit körpüsünün üstü ilə piyada hərəkət etməyə başladıq. Fikrimcə, hər şəhər gecə görünüşü ilə daha gözəl, daha eleqant görünür. Budapeşt də gecə göz oxşayırdı. Dunay çayında hərəkət edən gəmilər, körpünün üstündən hərəkət edərkən, körpünün sallanması effektin məndə yaradan o sarı rəngli tramvay, qol-qola girib gəzən cütlüklər...

özümü ilk dəfədir başqa şəhərdə yad hiss etmirdim, həm də şəhər mənə çox təhlükəsiz gəlirdi. Şəhərin gözəlliyinə o qədər vurulmuşduq ki, iki böyük körpünü piyada gəzdiyimizdən ayağımızda yaranan ağrını belə gec hiss etdik.

Gəzdikcə də sabah gedəcəyimiz yerləri, əsasən də parlamenti gördük. Romada olduğu qədər hər addımbaşı kilsəyə rastlamadım, amma rastladığım kilsələr də məndə adi tikili hissi yaşatmadı. Çox böyük və gözəl kilsələri vardı. Ən məşhur kilsələri St.Stephen kilsəsidi.

Əgər, Budapeşti hərtərəfli tanımaq istəyirsinizsə, o zaman hər şəhərdə olduğu kimi Budapeştdə də istifadəyə verilən ( 24 saatı-14 euro, 72 saatı-24 euro) Budapeşt kartı əldə edib, istədiyiniz muzeyləri gəzə bilərsiniz. Digər getdiyim ölkələrə nisbətən Budapeştdə olan bu kartlar daha ucuzdur. Bir günlük Budapeşt kartın əldə edib Budapeşt haqqında çox fikrə sahib ola bilərsiniz, zənnimcə.

Ümumi götürdükdə, ucuz şəhərdi, Bakı ilə fərqləndirəndə daha da ucuz şəhərdi. Misal üçün Hollandiyada 3.50 -ə aldığım metro kartın, burada 1.50 euroya almaq sevincin yaşadım.

Nəqliyyat sistemi də normal çalışır, götürək elə metro sistemin.

Əlinizdə xəritəniz varsa, metro ilə hərəkət etmək sizin üçün ən optimal və asan yoldur. Sadəcə olaraq, işarələrə və metro xəttlərinin nömrə və rənglərinə fikir verməniz kifayətdir. Metro vaqonlarında təmizliyə xüsusi diqqət ayrılıb. Mən Budapeşt metrosunda nə çirkli yerə, nə də basabas vaqonlara rastladım. Elə şəhərin özü də təmiz idi.

İşdi əgər azsanız, panikaya düşməyin, çünki hər addımbaşı turist informasiya mərkəzlərinə rastlayacaqsınız. Bu arada yerli əhali də ingilis dilin bilir. Həmçinin çox köməksevər xalq olduqları üçün dil bilməyən birinə rastlasanız da, o sizə bir çıxış yolu mütləq göstərəcəkdir.

Budapeştdə ikinci günümüzü gəzəcəyimiz yerlərə həsr etdik. Çox təəssüf ki, Budapeştdə ik gün qalmalı idik, ona görə çox yer ürəyimdə qaldı. Əgər siz də qısamüddətli Budapeşt səyahətini dadacaqsınızsa, ilk olaraq parlamenti ziyarət edin.

Dunay çayının tam ortasında, mənzərəsi gözəl olan bir yerdə yerləşir. Bərpa işlərinə görə tam gəzə bilmədik, düzü. Onsuz da, o qədər böyük idi ki, istəsəm də tam gəzə bilməzdim. Parlamentin qarşısında səhv etmirəmsə, numizmatika muzeyinin olduğu binadan parlametə giriş üçün bilet əldə etdik ( macar pulu ilə 1 750 Huf ).

İlk öncə, sizdən bildiyiniz dil soruşulur, sonra da müvafiq olaraq həmin qrupa qoşulmağınızı deyirlər. Təbii ki, alman dilimiz zəif olduğundan, ingilis dilin seçəcəkdik. Həmin qrupdan yunan bir oğlanla dostlaşıb parlamentə daxil olduq. Qeyd edim ki, parlamentin qapısı önündə detallı bir araşdırma aparıldı, hamının çantası yoxlanıldıqdan sonra nəhayət ki, parlamenti gəzməyə başladıq.

Hal-hazırda Budapeştin ən böyük və ən hündür tikilisi Budapeşt Parlamenti binası sayılır. Macarlar bu binaya Országház deyirlər. Avropanın ən qədim qanunverici binalarından biri və Budapeştə turist axınına səbəb olan mühüm tikililərdəndir. Parlament binası şəkildən də göründüyü kimi gothic stilində tikilmiş, simmetrik fasad və qümbəzdən ibarət bir tikilidi. İçərisində iki böyük zal var, biri siyasi işlər üçün istifadə edildiyi halda, digəri bizim kimi turistləri parlamentlə tanış edə bilmək üçün ayrılıb.

 

Əsasən video çəkilişə üstünlük verdiyim üçün video çəkməyə başlamışdım ki, yaraşıqlı bir macar əsgəri buna icazə vermədi. Siz burada ornamental pilləkanlar və tavanda füsunkar freskaları görə bilərsiniz. Parlamentə əsas giriş binanın qarşısındakı meydandandır, içəridə olarkən divardakı 242 heykəl diqqətinizi mütləq cəlb edəcək ( bir-bir saymamışam, internetdən baxdım sayına).

Parlamentin əsas zalının mərkəzində macarların müqəddəs tacı 2000-ci ildən bəri turistlər üçün nümayiş olunur, bu tacı iki macar əsgəri qoruyur ( fotosu yoxdur, çünki həmin vaxt macar əsgəri ilə dilləşirdim ki, şəkil çəkməyə icazə versin ). Bundan sonra isə assambleya zalına daxil olduq, iki hissədən : yuxarı və aşağı hissədən ibarətdir. Aşağı hissə daha çox konfrans və görüşlər üçün istifadə olunur. Onu da qeyd edim ki, parlamentin çox hissəsi qızıldan inşa olunub. Qızıl deyən kimi, əlimi divarlara sürtdüm ki, əlim qızıl görsün. Tur təxminən yarım saat filan davam etdi. Sonra bizə arxa çıxışdan müşaiət etdilər. Bu zaman binada çoxlu pilləkanların və gizli giriş qapılarının olduğun sezdim.

Budapeştdə Terror evi adlanan bir muzey var. 20-ci əsrdə Macarıstadakı faşist və kommunist diktator rejimini anlatan və bu rejimin qurbanların yad edən muzeydi. Muzey binasının ətrafında bu rejimə qurban gedən insanların şəkilləri əks olunub. Xatirələrinə hörmət üçün şamlar yandırılıb.

Muzeyə girər-girməz insanı kədər boğur, insanlara savaşın pis tərəflərini anlatmaq üçün otaqlarda işıq yoxdur, yarı-qaranlıqdı. Həmçinin, muzeydə gəzərkən eşitdiyiniz musiqi də kövrək insanları ağladacaq dərəcədə təsir edir (musiqinin bəstəkarı Bonanza Banzaia-dır). Bilet almaq üçün dostlarım kassaya yaxınlaşanda, orada verilən videoya baxdım. Bir qoca macar kişi ağlayaraq ‘ axı, bizdən nə istəyirlər? niyə müharibə edirlər? uşaqların günahı nədir? ‘ deyə gözyaşı içərisində üsyan edirdi. Özümü saxlaya bilmədim ağladım, ağladıq. Muzeyə girməkdən imtina etdik.

Gecə olduğundan milli macar mətbəxin dadmaq üçün ilk gəldiyimizdə gözümüzə kəsdirdiyimiz bir restorana girdik. Mən kartof puresi ilə sarımsaq sousunu qarışdırıb ərsəyə gətirdikləri mükəmməl bir yemək yedim, adı macarca ‘ tocsni fokhagymas tekföllel, sajttal ‘ olaraq qeyd edilir.

Çox doyumlu və dadlı idi. Ümumiyyətlə, başqa mətbəxi dadmaqda həsassınızsa, yəni öz mətbəxinizdən başqa digər mətbəxtlər sizin damaq zövqünüzə uyğun gəlmirsə, əminliklə deyə bilərəm ki, macar mətbəxini dadsanız peşman olmazsınız, çünki yeməkləri bizimkilərlə oxşardı. Milli macar yeməyi ət, tərəvəz, çörək və pendirdən ibarətdir. Ən çox tanınan yeməkləri ‘ qulyaş ‘ şorbasıdır. Macarlar da ərəblər kimi yeməkdə acını çox istifadə edirlər, ümumiyyətlə, ədviyyatlara çox düşkün xalqdılar. Mətbəxlərinə Osmanlıların təsiri olduğu üçün də bir sıra yeməklərdə türk mətbəxinin elementlərin görə bilərsiniz. Macarlar da türklər kimi yeməyə şorba ilə başlayır, ət ilə davam edirlər. Xüsusən də, səhər yeməklərini çox sevdim. Qaldığımız yerə yaxın ‘ Kino kafe ‘ adlı yerdə iki gün boyunca səhər yeməyi yedik. Həm ucuz idi, həm doyumlu, həm də dadlı.

Mən özüm 5 euro verib, kino kafe menyusun seçdim, menyuya əsasən siz əsas səhər yeməklərindən birin seçirdiniz və əlavə olaraq, sizə üç növ pendir, soyutma yumurta, qızardılmış və normal çörək, xiyar, pomidor, mürəbbə cemi, kruasan, portağal şirəsi, qəhvə və ya çay gətirilirdi. Budapeştə olarkən bu kafeni axtarıb mütləq gedin peşman olmayacaqsınız.

 

Dillərinə gəlincə. Fikrimcə, kobud səslənir, ritmik dil deyil və çox çətin dildi. Bir il ərzində belə, normal öyrənə bilməyəcəyiniz dildi macar dili. Vaxt və əziyyət tələb edir. İnsanları ingilis-dilin bilməsəydi, çox çətinlik çəkərdim deyə düşünürəm. Buna baxmayaraq, ümümi götürdükdə, Budapeştə mütləq gəlmək lazımdır. Niyəsini isə bu yazımdan çıxara bilərsiniz. Birinizi şəhərin gözəlliyi çəkəcəksə, digəriniz ucuzluğuna əsaslanacaq, başqa biriniz mətbəxinə, digəriniz insanlarına. Əsas odur ki, gələsiniz və Şərqi Avropanın Parisini öz gözlərinizlə görəsiniz.

Müəllif: Nura Dünyamalıyeva

Mənbə: www.axinherekati.org

OXŞAR XƏBƏRLƏR