“Şahdağ” Turizm Mərkəzində - 7 MÖHTƏŞƏM YENİLİK

“Şahdağ” Turizm Mərkəzində - 7 MÖHTƏŞƏM YENİLİK
Xəbərlər 2 Yanvar 2019 20:48 932
“Şahdağ” Turizm Mərkəzində - 7 MÖHTƏŞƏM YENİLİK

Qusarda yerləşən “Şahdağ” Turizm Mərkəzi yeddinci qış mövsümünə 7 möhtəşəm yeniliklə start verib. Yeni xidmətlər xizək və snoubord həvəskarları ilə yanaşı, fəal istirahətə üstünlük verən bütün turistlər üçün nəzərdə tutulub.

Seyyah.az xəbər verir ki, “Şahdağ” Turizm Mərkəzində diqqətçəkən əsas yenilik ölkənin ən hündür, sərt və çətin sürüşmə zolağının istifadəyə verilməsidir. Uzunluğu 492 metr olan sürüşmə zolağının start nöqtəsi dəniz səviyyəsindən 2 min 351 metr yüksəklikdə yerləşir. Təhlükəsiz qapalı liftlərlə zirvəyə qalxan qonaqlar möhtəşəm dağ mənzərələrini seyr etmək imkanı qazanır. Lift bazasının yerləşdiyi ən yüksək nöqtədə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Bu yüksəklikdən başı qarlı Şahdağın uca zirvələrini və əks istiqamətdə on kilometrlərlə əsrarəngiz mənzərəni seyr etmək mümkündür. Odur ki, yeni istifadəyə verilən 5 nömrəli lift tək ekstrim xoşlayan xizək və snoubord həvəskarlarının deyil, eləcə də füsunkar təbiət mənzərələrini seyr etmək istəyən turistlərin sevimli əyləncəsinə çevrilir.

Bu məntəqədə quraşdırılan lift bazasında turistlər üçün restoran da inşa olunub. Bu, Azərbaycanda ən yüksəkdə yerləşən restorandır.

Layihənin tikinti rəhbəri Məhəmməd Musayev bildirib ki, yeni inşa olunan sürüşmə zolağının tikintisini bu sahədə dünyaca məşhur olan şirkətlər həyata keçirib. “Bundan əvvəl turistlər dəniz səviyyəsindən 2 min metrədək yüksəkliyə qalxa bilirdilər. Qonaqlarımız üçün əvvəllər onlara əlçatmaz görünən yüksəkliyə çıxmaq imkanı yaranıb”, -deyə M.Musayev bildirib.

“Şahdağ” Turizm Mərkəzində bu ildən istifadəyə verilən əyləncə-istirahət xidmətlərindən biri də kinoteatrdır. Müasir kinoteatrın ərazisində iki zal və bir restoran mövcuddur.

Turistlər bundan sonra dörd böyük və iki uşaq oyun sahələrindən ibarət boulinq mərkəzinin xidmətlərindən də faydalana biləcəklər. Bu mərkəzdə oyun zalı və kokteyl barı da var.

Yeniliklər sırasında bu yaxınlarda istifadəyə verilən gecə klubu da var. Turistlər xizək sürmənin yorğunluğunu burada əylənməklə çıxara bilərlər. Bu, eyni zamanda, xizək sürməyən qonaqlar üçün ideal əyləncə mərkəzidir. Gecə klubu 200 nəfərlik “Zona” və VİP bölmələrdən ibarətdir. Mükəmməl akustika və işıq effektləri ilə təchiz olunan klubda, həmçinin Asiya mətbəxi, DJ və böyük rəqs meydanı mövcuddur.

“Şahdağ” Turizm Mərkəzinin əsas meydanında yerləşən “Qış bazarı” yarmarkasında turistlərə xüsusi üsulla hazırlanan içkilər, şirniyyatlar və Yeni il hədiyyələri təklif olunur. On yeddi evcikdən ibarət yarmarkada həm də yerli məhsulları əldə etmək olar.

Bu mövsümdən etibarən turistlər ən çox sevilən ləziz burgerləri də Şahdağda dada biləcəklər. Yeni istifadəyə verilən Burger Mərkəzinin interyeri xüsusi zövqlə tərtib edilib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, habelə xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə dövlət tərəfindən bir sıra mühüm işlər həyata keçirilir.

“Ölkə rəhbərliyi tərəfindən turizmin inkişafı üçün qəbul olunan mühüm qərarların nəticəsi göz qabağındadır. Bu gün olduğumuz “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı artmaqda davam edir. Qonaqların sayının daha da çox olması üçün mərkəzdə bir sıra böyük işlər görülür, turistlərə yeni xidmətlər və əyləncələr təklif olunur. Həm yerli, həm də xarici turistlərin mərkəz haqqında fikirləri çox müsbətdir. Bu, sevindirici haldır. Bundan sonrakı mərhələdə dövlətimizin başçısının müəyyənləşdirdiyi istiqamət üzrə tapşırıqları yerinə yetirib, Azərbaycanın turizm sektorunda daha çox nailiyyətlər qazanmasını təmin edəcəyik”, - deyə Fuad Nağıyev bildirib.

Turistlərin çoxluğu nəzərə alınaraq bu il kompleksin girişində 720 yerlik yeni avtomobil parkı inşa olunub. Bundan başqa, yeni mövsümdən başlayaraq istirahət mərkəzinin daxilində xüsusi marşrut üzrə hərəkət edən avtobuslar qonaqların xidmətindədir.

“Şahdağ” Turizm Mərkəzində yeddinci qış mövsümünə dekabrın 15-də start verilib.

Mənbə: Azertag

OXŞAR XƏBƏRLƏR