Ötən il ölkəmizə 2 milyon 300 minə yaxın turist gəlib

Sadə hesablamaya görə, ötən il ərzində turizm xidmətlərindən ölkəmizin maliyyə dövriyyəsinə ən azı 1 milyard manat həcmində vəsaitlər daxil olub.
Xəbərlər 13 Aprel 2015 00:00 1042
Ötən il ölkəmizə 2 milyon 300 minə yaxın turist gəlib

Seyyah.az-ın "AzərTAc"-a istinadən məlumatına görə, hazırda turistlər üçün viza rejiminin sadələşdirilməsi, yeni turist qarşılama yerlərinin yaradılması, ilboyu turizmin təşkili, Azərbaycanın turizm potensialının dünyanın ən məşhur televiziya kanallarında tanıdılması istiqamətində fəaliyyətimiz davam etdirilir. Ölkədə daxili turizmin inkişafı da yeni mərhələ qarşısındadır. Dövlət başçısının tapşırığı əsasında 9-11-ci siniflərdə təhsil alan şagirdlərin ölkə üzrə turist səfərləri təşkil edilir. Layihə “Ölkəmizi tanıyaq” devizi altında keçirilir. Marşrutlara 4 mindən çox yeniyetmə qatılıb. “Ölkəmizi tanıyaq” marşrutu gələcək illərdə daha geniş miqyas alacaq. Azərbaycanı yeni nəsillərə sevdirmək, tanıtmaq, onları milli tarixi kökə, zəngin təbiətə bağlamaq mənəvi intellektual formalaşmanın əyani vasitəsidir.

Bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.

İnfrastruktur layihələrinin reallaşması nəticəsində bölgələrdə müasir kurort və yerləşdirmə obyektlərinin yaradıldığını söyləyən Ə.Qarayev deyib ki, ölkəmizdə turizm infrastrukturunun müasir standartlara uyğunlaşdırılması, mövcud turizm məhsullarının təkmilləşdirilməsi, yeni məhsulun yaradılması turizmin perspektiv inkişafına imkan verir. Azərbaycanda ən mükəmməl turizm layihələrindən olan “Şahdağ” qış-yay turizm kompleksi respublikamızda dağ-xizək idmanı və digər qış idman növlərinin inkişafı üçün layiqli nümunədir. Bu örnək özəl sektor tərəfindən Qəbələdə analoji “Tufandağ” turizm mərkəzinin yaradılmasına təkan verib. Layihələrin həyata keçirilməsi müvafiq bölgələrdə iş yerlərin artırılmasına səbəb olub. “Şahdağ” Qış-Yay Turizm Kompleksinin yalnız ilkin mərhələsinin istifadəyə verilməsinə baxmayaraq, vətəndaşların və xarici turistlərin regiona axını müşahidə edilir. İstirahətə və idmanla təmasda olmağa gələnlərin sayı il ərzində yüz minlərlə ölçülür.

OXŞAR XƏBƏRLƏR