Kənd turizmi–hamıya sərfəli

Azərbaycanda kənd qonaq evlərində istirahət edənlərin sayı artır
Xəbərlər 7 Fevral 2014 00:00 3584
Kənd turizmi–hamıya sərfəli

Əhməd dayı Oğuz rayonunda evini turistlərə kirayəyə verən yüzlərlə sakindən biridir. Geniş həyətindəki 3 evi həmişə yerli və xarici turistlərin ixtiyarındadır: «Yayda və yazda burada qonaq əlindən tərpənmək olmur. Bəzən yer olmadığına görə, qonaqların bir hissəsini geri qaytarmalı oluram. İmkan olan kimi mütləq 2 mərtəbəli ev tikəcəm. Qoy hamıya yer çatsın».

Rayon mərkəzində yerləşən evdə rahat istirahət üçün hər şərait var - çarpayı, stol-stul, şkaf, ətri ilə otaqları bürüyən limon ağacları. Su, işıq, qaz daimidir – qonaqlar istədikləri vaxt duş qəbul edə bilirlər. Evdə internet də var.

Burada ilin istənilən vaxtı qonaq qəbul edirlər. Əhməd kişinin qonaqları əsasən Bakıdan gələn ailələrdir: «Bu böyük həyət qonaqların ixtiyarındadır. Heç nəyə xəsislik etmirik. Qonaqlar təkcə yatanda evə qalxırlar. Bütün günü bu ağacların altında meyvə yeyib söhbət edirlər, uşaqlar da doyunca oynayır».
Bura əsl kənd həyatıdır. Həyətdəki böyük tövlədə mal-qara saxlanılır. Evin xanımı Güllü xala səhər qonaqlar yuxudan duranadək inəkləri sağır və bütün evlərə süd paylanır. Sonra səhər yeməyinə hazırlıq görülür. Həyətdə hər üç evin sakinlərinin görə biləcəyi yerdə böyük samovar qoyulub. Səhər yeməyinə təzə yumurta, pendir, yağ və Güllü xalanın sacda bişirdiyi lavaş daxildir. Günorta və axşam yeməyini isə qonaqlar ev sahiblərinə sifariş verə (əlavə ödənişlə) və ya özləri hazırlaya bilərlər – evdə bunun üçün şərait var.

Əhməd dayının daimi qonaqları da var. Bakıdakı bəzi dövlət qurumlarının və xarici nümayəndəliklərin işçiləri və kənd həyatını sevən digər qonaqlar Əhməd dayının evinə gəlir. Ev sahibi turistləri gəzməli yerlərlə də tanış edir. Turistlər adətən, Oğuzdakı Qovurqala, Muxas qülləsi, Alban iqamətgahları, Surxay xan qalasına baş çəkirlər: «Meşəlikdə daşın içərisindən axan bulaq xarici turistləri çox maraqlandırır. Demək olar, bütün qonaqlarımı ora aparıram». Qiymətlərə gəlincə, Əhməd dayıgildə böyüklər üçün bir günlük qalmaq xərci 10 manatdır. Qonaqlar qiymətlərdən çox razıdır, bəziləri hətta bu qiymətdən təəccüblənir.

 

Kəndə niyə gedirik?


Şəhər sakinləri kəndə şəhərin səs-küyündən uzaqlaşmaq, təbiətə yaxın olmaq üçün gedirlər. Turizm biznesi üzrə ekspert Qəhrəman Yusupovun sözlərinə görə, kəndə istirahətə gəlmiş insanlar yalnız evdə qalmaqla kifayətlənmir, ətraf ərazidəki cəlbedici yerləri, meşələri gəzir, dağa qalxır, çay sahilində dincəlirlər. Bəziləri isə hətta həyətdəki ağaclara qulluq etmək, ev sahibinin toyuq-cücəsini yemləmək, mal-qaraya baxmaq həvəsinə düşür. Belə istirahət şəhər sakininə problemlərindən uzaqlaşmağa, mənəvi və fiziki qüvvələrini bərpa etməyə imkan verir.

 

Harada kənd evində qalmaq olar?


Kənd turizmi Azərbaycanın demək olar bütün bölgələrində mövcuddur. Şamaxı, İsmayıllı, Qəbələ, Xaçmaz, Quba, Şəki, Oğuz, Qax, Göygöl, Daşkəsən, Lənkəran, Masallı, Lerik, Astara rayonlarının kəndlərində turistlərin evlərdə qalması adi haldır. Kənd ərazilərində istirahət fərqlidir. Xaçmaz rayonunun Yalama-Nabran istirahət zonasına gələnləri dəniz, qum və meşənin sahilə yaxın olması cəlb edir. Quba, Lerik, Göygöl, Şəki, Qəbələ rayonlarını seçənlər meşə, dağ, sərin havanın olmasına üstünlük verirlər. Lənkəran, Astara, Masallı rayonlarının istisu müalicə mərkəzlərinə gələnlər ətraf kəndlərin evlərində yerləşirlər. Bəzi məşhur kənd və qəsəbələr isə kütləvi istirahət yerinə çevrilib. Məsələn İsmayıllı rayonunun Lahıc qəsəbəsi və İvanovka kəndi öz ekzotikliyi ilə seçilir. Gəncənin Hacıkənd, Xaçmazın Nabran qəsəbələri, Abşeronun sahil əraziləri SSRİ dövründən istirahət mərkəzləri kimi ad qazanıb.

 

Həm turistə, həm də ev sahibinə sərfəli


Kənd turizmi hər turistlər, həm də ev sahibləri üçün sərfəlidir. Kənd qonaq evlərində qalmaq istirahət kompleksləri və ya oteldən dəfələrlə ucuzdur. Şəraitindən asılı olaraq kənd evində 1 günlük yerləşmə 10-50 manat arasındadır. Bu da yerli sakinlər üçün əlavə gəlir mənbəyidir. Bundan başqa, qonaqlar gəzintilərə çıxanda ev sahibinin, ya da kəndin digər sakinlərinin maşın və bələdçilik xidmətlərindən istifadə edirlər ki, bu da kənd sakinlərinə əlavə gəlir gətirir.

 

Kənd qonaq evlərində şərait necədir?


Kənd qonaq evlərində şərait müxtəlifdir. Məşhur Nabran qəsəbəsində, Qəbələnin Vəndam kəndində, İsmayıllının Lahıc qəsəbəsində turistlərə tam şəraiti olan mənzillərlə yanaşı həyətyanı sahə də  təklif olunur. Böyük komforta ehtiyacı olmayanlar və istisu mərkəzlərinə müalicə məqsədləri ilə gələnlər isə minimum şəraiti olan ətraf kənd evlərində qalmağa razı olurlar.

 

Turistlərə əlavə xidmətlər də göstərmək olar


Ekspert Q.Yusupovun fikrincə, Azərbaycanda kənd turizminin inkişafı üçün kənd evlərində xidmətlərin sayını artırmaq və onların səviyyəsini yüksəltmək lazımdır. Məsələn, ev sahibləri qonaqları təkcə yataq yeri və qida ilə təmin etməkdən başqa, onlara nəqliyyat-taksi və bələdçilik xidməti də göstərə bilərlər. Bundan başqa, turistlərin təbiətdə dincəlməsi üçün ev sahibləri onlara çadır, yataq kisələri, müxtəlif məişət əşyaları (samovar, qab-qacaq və s.) də icarəyə verə bilərlər. Təbiətdə istirahət zamanı belə əşyalara tələbat böyük olur və turistlər bu xidmətlərdən böyük həvəslə istifadə edəcəklər.

 

 

Avropada kənd turizmi vergidən azaddır


Kənd turizmi bütün dünyada geniş yayılıb. Hətta inkişaf etmiş ölkələr də kənd turizminə xüsusi fikir verirlər. Məsələn, Fransaya hər il 75-80 milyon xarici turist gəlsə də, Fransa hökuməti öz ölkəsində istirahət etmək istəyənlərin sayını artırmaq üçün kənd turizminin inkişafına investisiyalar qoyur. Almaniya və Macarıstanda kənd qonaq ev sahibləri vergilərdən azaddır. Avstriya və İspaniyada turistləri qəbul edən fermer təsərrüfatlarına güzəştlər edilir. Danimarkada kənd turizmi istirahətçilərin sayına görə çimərlik turizmindən sonra ikinci yerdədir. Xarici ölkələrdə kənd ev sahiblərinin müxtəlif  cəmiyyətləri var. Yaxın vaxtlarda Azərbaycanda da belə cəmiyyətin yaradılması gözlənilir. 

OXŞAR XƏBƏRLƏR