İrana ticarətə və müalicəyə gedən - AZƏRBAYCANLILARIN SAYI ARTIB

İrana ticarətə və müalicəyə gedən - AZƏRBAYCANLILARIN SAYI ARTIB
Xəbərlər 21 Avqust 2019 17:43 494
İrana ticarətə və müalicəyə gedən - AZƏRBAYCANLILARIN SAYI ARTIB

2019-cu ilin yanvar-iyul aylarında 3 milyon 115,1 min nəfər Azərbaycan vətəndaşı xarici ölkələrə səfər edib. Seyyah.az Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23,9 faiz artıqdır.

Ölkə vətəndaşlarının 37,8 faizi İrana, 28,1 faizi Gürcüstana, 17,7 faizi Rusiya Federasiyasına, 11,0 faizi Türkiyəyə, 5,4 faizi digər ölkələrə gedib. Başqa sözlə, Bu dövrdə İrana 1 177,5 min nəfər, Gürcüstana 875 min nəfər, Rusiyaya 551,4 min nəfər, Türkiyəyə isə 342,5 min nəfər azərbaycanlı səfər edib.

Maraqlıdır ki, turizm mövsümünün gücləndiyi yayın ilk iki ayında - iyun-iyul aylarında da İrana səfər edənlərin sayı digər ölkələrdən daha çox olub. Belə ki, son iki ayda İrana 361,5 min nəfər, Gürcüstana 317 min nəfər, Rusiyaya 173,3 min nəfər, Türkiyəyə isə 140,2 min nəfər səfər edib. 

Bu o deməkdir ki, İrana səfər edənlərin əksəriyyəti qonşu ölkəyə turizm deyil, ticarət və ənənəvi olaraq müalicə məqsədilə gedir.

Xaricə gedənlərin 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61,8 faiz, Gürcüstana gedənlərin sayı 12,4 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 7,7 faiz, Türkiyəyə gedənlərin sayı isə 3,7 faiz artıb.

Azərbaycan vətəndaşlarının 82,7 faizi xaricə dəmir yolu və avtomobil, 16,5 faizi təyyarə, 0,8 faizi isə gəmi ilə gedib.

OXŞAR XƏBƏRLƏR