Azərbaycanın milli aviadaşıyıcısı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Berlin-Bakı marşrutu üzrə ilk birbaşa aviareysi yerinə yetirib. Seyyah.az-ın “AzərTAc”a istinadən yaydığı məlumata görə, mayın 6-da müasir tipli, üzərində “Bakı-2015” birinci Avropa Oyunlarının loqosu olan “Airbus-319” təyyarəsi Berlinin əsas hava limanı Teqelə ilk uçuş həyata keçirib. Bundan sonra həftədə iki dəfə AZAL-ın təyyarəsi bu hava limanına enəcək və Berlindən Azərbaycana uçmaq istəyənlər birbaşa reysdən faydalanacaqlar.
İlk reysin baş tutması münasibəti ilə Tegel Hava Limanında keçirilən tədbirdə Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Bundestaqın deputatı, xanım Katin Ştrens, Alman-Azərbaycan Forumunun rəhbəri, sabiq dövlət katibi Hans-Eberhard Şlayerd, Berlin Hava Limanının baş meneceri Andreas Ley iştirak edib.
lmaniya paytaxtının Tegel hava limanına reyslər hər həftə çərşənbə və şənbə günləri yerinə yetiriləcək, Bakıdan uçuş yerli vaxtla saat 07.25-də, Berlində enmə isə yerli vaxtla saat 09.25-də nəzərdə tutulub. Berlindən geri istiqamətdə uçuşlar həftənin eyni günlərində saat 10.45-də həyata keçiriləcək, Azərbaycanın paytaxtında enmə isə saat 18.40-da olacaqdır.
AZAL-ın növbəti birbaşa yeni hava uçuşları may ayının 23-dən etibarən Barselonaya təşkil ediləcək.