“Azərbaycan mətbəxi o qədər zəngindir ki, onun təamları ilə dünyanın istənilən “ən yaxşı bizim mətbəximizdir” deyən xalqlarını təəccübləndirmək olar”.
Seyyah.az-ın "Musavat.com"a istinadən məlumatına görə, bu sözləri Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov “Xanəgah” restoranın açılış mərasimində deyib.
T.Əmiraslanovun yaxın çevrəsinin, Azərbaycanının sənət dünyasının tanınan isimlərinin dəvət edildiyi mərasimdə qonaqlara Səfəvi sarayında bişirilən dolma təqdim edilib.
Tahir Əmiraslanov bildirib ki, dolmanın resepti etnoqrafların araşdırmaları zamanı əldə edilib: “Bu gün sizə şah babamız Şah İsmayıl Xətainin yediyi yarpaq dolmasını təqdim edəcəyik. Bizim mərkəzimizin əsas məqsədlərindən biri də mətbəx ənənələrimizi yaşatmaqdır. Bunun üçün davamlı olaraq, axtarışdayıq. Çalışırıq ki, Azərbaycan ərazisindəki dövlətlərin, o sıradan, yaxın tariximizə qədər var olan xanlıqların dönəmində saraylarda bişirilən milli mətbəx nümunələrimizi təbliğ edək”.
Səfəvi dolmasından başqa mərasimdə samovarda bişirilən düşbərə, fisincan qutabı, şüyüdplov, səbziqovurmaplov, çeşidli soyuq qəlyanaltılar, milli şirniyyat növləri, çərəzlər, içkilər də təqdim edilib.
“Xanəgah” restoranının dizaynı da diqqəti çəkib. Ümumi salonun kənarlarında Azərbaycanın 9 xanlığına aid hücrələr qurulub. Hücrələr aid olduğu xanlığın gerbi ilə yanaşı, xanlığa özəl tikmə nümunələri ilə bəzədilib