“Bəzi ölkələrə gedən turistləri sığortalamırıq”- MÜSAHİBƏ

Son illər Azərbaycanda xarici ölkələrə turizm və digər məqsədlərlə səyahət edənlərin sayı artdıqca, səyahət sığortası ilə bağlı sığorta şirkətlərinin təklifləri də artır.
Xəbərlər 12 May 2015 00:00 1427
“Bəzi ölkələrə gedən turistləri sığortalamırıq”- MÜSAHİBƏ

Lakin müşahidələr göstərir ki, xarici ölkələrə səyahət edənlər səyahət sığortasını yalnız məcbur olduqda, yəni səfər üçün tələb edildikdə alırlar. Seyyah.az Fins.az-a istinadən səyahət sığortası, onun faydaları və bu sığorta növündən istifadə halları ilə bağlı “AXA MBASK” sığorta şirkətinin korporativ satış departementin müdir müavini Faiq Novruzovun müsahibəsini təqdim edir.

-  Faiq müəllim, səyahətə çıxanlar səyahət sığortasına maraq göstərirlərmi? Yoxsa bu sadəcə məcburi addımdır?

- Avropa ölkələrinə getmək üçün viza alarkən səyahət sığortası tələb edilir. Ona görə də adətən insanlar bunu məcburi almalı olurdular. Ancaq əvvəlki illərə nisbətən könüllü olaraq səyahət sığortası alan turistlər çoxalıb. Artıq insanlar təhlükəsizlik və zəmanət məsələlərinə daha çox önəm verirlər. Hətta, Türkiyə kimi məcburi səyahət sığortası tələb edilməyən ölkələrə də müştərilər səyahət sığortası alırlar. Yayda xaricə, xüsusilə də  dənizkənarı  istirahət zonalarına üz tutan turistlər bununla bağlı daha çox müraciət edirlər.  Artıq bizdə də sığorta mədəniyyəti inkişaf edir və maariflənmənin nəticəsi olaraq səyahət sığortası alanların say nisbəti hər il artır. Məsələn, bu ilin I rübündə səhayət sığortası alanlar 5 %-ə  qədər artıb. İstirahət mövsümü  ilə əlaqədar  bu sığorta məhsulunu alanların əlavə olaraq 15-20 %  artacağı  gözlənilir. 

- Səyahət sığortası  alanların sayının artıması nə ilə bağlıdır?

- Səyahətdə olarkən sığorta hadisələri ilə qarşılaşan insanlar növbəti dəfə sığortalanmağa çalışırlar. Eyni zamanda xaricdə tibbi xərclərin baha olması da buna təsir göstərir. Yəni, gözlənilməyən hadisələrdən, sığorta risklərindən qorunmaq üçün vətəndaşlar ölkədən çıxmamışdan əvvəl  səyahət sığortası alır. Müştərilər bununla əlavə maliyyə xərclərindən özlərini qorumuş olurlar.

- Səyahət sığortasına hansı xidmətlər daxildir, burada hansısa fərqlər var, yoxsa bütün səyahət sığortaları standart paketdir?

- Səyahət sığortasının standard formasına ambulator, stasionar və ilkin tibbi yardım  xidmətləri daxildir. Sığorta paketinin qiyməti isə daha çox sığortalanacaq məbləğdən, səyahət etdiyi regiondan və səyahət müddətindən asılıdır. Düzdür, burada qiymətə təsir edə biləcək əlavə faktorlar da var - məsələn, sığortalananın yaşı, səfərin məqsədi və sağlamlıq vəziyyəti. Təbii ki, yaşı 30 olanla 70 olanın, tarixi abidələrə baxmaq üçün gedənlə ekstremal idman növləri ilə məşğul olmağa gedənin, sağlam adamla ağır xəstə olan adamın sığortalanma qiyməti eyni ola bilməz. İkincilərdə risk faktoru daha yüksək olduğuna görə, sığorta şirkəti qiymətləri buna görə tənzimləyir. Məsələn, Avropa ölkələrinə 30 min avro sığorta təminatı ilə 1 həftəlik səyahət sığortası 7 avroya başa gəlir.

Müştərilərin istəyindən aslı olaraq  digər xidmətlər də standard paketə əlavə edilir. Bura baqajın itirilməsi və zədələnməsi, səhv istiqamətdə göndərilmiş baqajın geri qaytarılması, səfərin ləğv edilməsi, sığortalının ailə üzvlərinin onun səhhəti ilə bağlı daimi məlumatlandırılması kimi sığorta təminatları daxildir. Sadaladığımız təminatlarla birgə Avropa 1 həftəlik səyahət bu zaman  8-9 avroya başa gəlir. Yəni, əlavə təminatlara müştərilər cəmi 1-2 avro artıq ödəməli olurlar.

- Səyahət sığortasının standart paketinə hansı risklər daxildir?

- Xroniki xəstəliklər istisna olmaqla qəfil yaranacaq istənilən xəstəlik, istənilən qəza hadisəsi nəticəsində yaralanma üzrə risklər standart paketə daxildir.

- Bəs müştərinin pulunu, qiymətli əşyalarını, sənədlərini itirməsi sığortalanırmı?

 Pulun, qiymətli əşyaların, sənədlərini itməsi riskləri istisnadır. Yəni, bu risklər ümumiyyətlə, sığortalanmır.

- Başqa hansı risklər var ki, səyahət sığortası paketinə daxil deyil, yəni hansısa səbəbdən onları sığortalaya bilmirsiniz?

- Digər sığorta növlərində olduğu kimi səyahət sığortasında da istisnalar var.   Sinir və psixi xəstəliklər, xərçəng  xəstəlikləri, hepatitlər, xroniki xəstəliklərin müailəci,  karonaj şuntlama, yəni ürək qüsurları kimi xəstəliklər  sığorta  təminatına daxil deyil. Bundan əlavə diş, göz və digər protezlər, qulaq aparatı istisnaya aid edilir.

“Ən çox günvurma, sınıqlar, xizəkdən yıxılmalar olur”

- Səyahət sığortası üzrə ən çox rast gəlinən hadisələr hansılardır, ölkələrdən asılı olaraq sığorta hadisələrinin fərqlənməsi necədir?

- Səyahət sığortası ilə bağlı hadisələri 2 hissəyə bölmək olar. Yay turizmi və qış turizmi ilə bağlı sığorta hadisələri. Yay aylarında daha çox səyahət sığortasında günvurma, dəniz və hovuz suyunun təsiri ilə qulaqda yaranan xəstəliklər, zəhərlənmə, insanların alışmadığı qidalardan istifadəsi, sürüşmə nəticəsində qol və ayaq sınması kimi sığorta hadisələrinə rast gəlinir. Bu daha çox səfər edilən regionlardan asılıdır.  Qış mövsümündə isə daha çox dağlıq yerlərdə aktiv idmanla, aktiv istirahətlə məşğul olan sığortalılarda xizəkdən yıxılıb travma alınması halları olur. İqlim və mətbəxin dəyişməsi də sığorta hadisələrinə təsir edən amillərdəndir.

- Bəs Azərbaycan daxilində səyahət edənlər sığortalanırmı və hansı hadisələrə rast gəlirsiniz?

Azərbaycan  daxilində də sığortalanlar var. Ancaq adətən bunlar xarici vətəndaşlar olur. Onları ölkəyə səfər edən turistlərin bədbəxt hadisələrdən sığorta məhsulu üzrə sığortalayırıq. Sığorta haqqı və sığorta təminatı standard səyahət sığortası məhsulu ilə eynidir.

“Bəzi ölkələrə gedən turistləri sığortalamırıq”

- Bəs ölkələrə görə səyahət sığortası paketinin qiymətləri nə qədər fərqlənir? Tutaq ki, Rusiya, Almaniya, Belarusiya kimi sabit, təhlükəsiz ölkələrə gedənlərlə, Əfqanistan, Suriya, İraq kimi qeyri-sabit, təhlükəli ölkələrə gedənlərin sığorta paketlərinin qiymətlərində fərq nə dərəcədədir?

- Ölkələr üzrə sığorta haqqında fərq yoxdur. Sadəcə sığorta təminatı verilməyən ölkələr var. Bizim şirkət xüsusi riskli, qeyri-sabit, təhlükəli ölkələrə səfər edənləri ümumiyyətlə, sığortalamır. Sığorta təminatı verilməyən, təhlükəli ölkələrin siyahısını tərtib etmişik. Siyahıya 9-a yaxın təhlükəli, hərbi qarşıdurmalar olan ölkə daxildir.  Məsələn, Əfqanıstan, Suriya, İraq və Yəmən kimi ölkələr  təhlükəli və xüsusi riski ölkə kimi siyahıya salınıb. İran və Şimali Koreya kimi ölkələrdə isə əməkdaşlıq etdiyimiz assistant şirkətlər fəaliyyət göstərmir. Çünki sanksiyalarla bağlı beynənxalq  təcrid var.

Hadisə baş verəndə müştəri kimə zəng etməlidir?

- Xarici səfərdə olarkən sığorta hadisəsi baş verərsə, sığortalanan hansı vasitələrlə sığorta şirkətini xəbərdar etməlidir və ona yardım necə göstərilir?

- Bizim xidmətlər xarici ölkələrdə öz şirkətimiz tərəfindən yox, bizimlə əməkdaşlıq edən assistent şirkətlər tərəfindən göstərilir. Çünki, sığorta şirkəti dünyanın bütün ölkələrində nümayəndə saxlaya bilməz. Ona görə də, biz müştərilərə getdikləri ölkədə bizimlə əməkdaşlıq edən asistent şirkətlərin koordinatlarını veririk. Hər hansı bir hadisə baş verdikdə müştəri onlarla əlavə saxlayır, bu halda da ona hər cür xidmət və yardım göstərilir. Əgər hər hansı səbəbdən əlaqə yaratmaq mümkün olmayıbsa, müştəri problemi öz imkanları ilə həll edir, sonra xərclədiyi vəsait haqda qəbzləri təqdim edib, pulunu geri alır.

- Müştərilərin səyahət sığortası ilə bağlı ən çox şikayətləri, təklifləri, tələbləri nədən ibarət olur?

- Səyahət sığortası əhatə dairəsi geniş olsa da, ən az şikayət olunan sığorta növüdür. Çalışırıq ki, ölkəsindən, günündən, saatından asılı olmayaraq sığortaolunana dərhal yardım göstərilsin, müştərilər istənilən yerdə və vəziyyətdə yardım ala bilsinlər. 

OXŞAR XƏBƏRLƏR