Niyə finlər həqiqəti söyləyirlər?

Niyə finlər həqiqəti söyləyirlər?
Xəbərlər 26 Iyun 2020 19:45 1375
Niyə finlər həqiqəti söyləyirlər?

Dekabr ayı idi və mən Helsinkiyə təzəcə çatmışdım. Ətrafı qar örtmüşdü. Soyuqdan qorunmaq üçün əlcək, papaq, şərf taxmışdım. Fin sim kartını almaq üçün dəmiryol stansiyasına getdim və ən yaxşısını tapmaq üçün bir neçə mağazaya və köşklərə dəydim.

Müəyyən bir anda başa düşdüm ki, papağımı haradasa unudub qoymuşam və çarəsizlikdən geri qayıtdım. Yol boyu mağazalara girib papağımı soruşurdum ki, onu kimsə görübmü?

Nəhayət, mən onu dükan piştaxtalarından birində kiçik Milad ağacının başına taxılmış vəziyyətdə görüb gülə-gülə götürdüm.

Bu, Finlandiya haqqında ilk müşahidələrimdən birinə gətirib çıxardı: finlər çox dürüst bir xalqdır. Səfərim zamanı mən tədricən aşkar etdim ki, dürüstlük yerli cəmiyyətdə yüksək qiymətləndirilir və hər hansı bir qarşılıqlı əlaqənin əsasını təşkil edir: ehtimal edilir ki, insanlar həmişə dürüst olurlar və əksi sübut olunmadığı təqdirdə insana etibar edilməsi prioritet sayılır.

Helsinki şəhəri

"Dürüstlük Finlandiya mədəniyyətinin xarakterik xüsusiyyətidir – ən azı onu digər mədəniyyətlərlə müqayisə etsək, - Helsinki Universiteti nəzdində İsveç elmi məktəbinin müəllimi Johannes Kananen deyir.- İngilis dilində belə bir məsəl var ki, həqiqət o qədər qiymətlidir ki, onu qənaətlə istifadə etmək lazımdır. Amma Finlandiyada insanlar hər zaman həqiqəti söyləyirlər”.

Mənim papağım ilə bağlı vəziyyət heç də unikal deyildi, çünki Finlandiyada, itirilmiş şeylər həmişə sahibinə qayıdır. "Bu - ağacların budağından itirilmiş əlcəkləri asmaq çox qəribə bir vərdişdir, - Aalto Universitetində çalışan Natalie Gaudet deyir.

O qeyd edir ki, itirilmiş əşyaları bu halda asanlıqla məsafədən görmək olur. - Uşaqlar həmişə əlcəklərini itirirlər və insanlar adətən onları yaxın ağaca asırlar ki, itirən onları geri yolda tapa bilsin". Dürüstlük olan cəmiyyətdə, itirilmiş əşyanı yalnız sahibinin tələb edə biləcəyi düşünülür.

Bir neçə il əvvəl Reader's Digest dərgisi "itirilmiş pul kisəsi testi" keçirib.

Bu nəşrin müxbirləri dünyanın müxtəlif şəhərlərində 192 pul kisəsi "itiriblər".

Hər bir pul kisəsində əlaqə telefon nömrəsi, ailə fotoşəkilləri və biznes kartları ilə birgə $50 pul da olub. Finlandiya paytaxtında “itirilmiş” hər 12 pul kisəsindən 11-i sahibinə qaytarılıb. Nəticədə, Helsinki sınaqdan keçirilmiş bütün şəhərlər arasında ən "dürüst" şəhər kimi tanınıb.

Finlandiyanı belə səmimi ölkə edən nədir?

Finlandiya dövlət quruluşu çox qədim deyil; əsrlər boyu Finlandiya İsveç krallığının hakimiyyəti altında idi. Yalnız 1809-cu ildə müharibə nəticəsində Rusiya imperatoru Aleksandr I tərəfindən Finlandiyaya muxtar status verildi - siyasi xəritədə Finlandiya böyük knyazlığı yarandı. Məhz o zaman güclü fin kimliyi formalaşmağa və fin dili inkişaf etməyə başladı.

Helsinkidən olan ədəbi agent Urpu Strellman-ın sözlərinə görə, "finlərin sərt, təvazökar, çalışqan, inancı olan insanlar kimi obrazı, stereotipi yaranıb. Bunlar dürüstlük ilə çox sıx bağlı olan xüsusiyyətlərdir.”

Fin dilində "sisu" sözü milli identiklik və mədəni xüsusiyyətlərə qaynayıb-qarışan sərtlik, sabitlik və dözümlülük kimi bu anlayışları təsvir edir.

qış, finlandiyada qış

Finlandiya, İsveç Krallığından ayrıldıqdan sonra, Lüteran kilsəsi və protestant etikasını qəbul etdi. Finlandiyada lüteranlıq irsi haqqında kitabda Klaus Helkama və Anneli Portman Finlandiyanın dürüstlük dəyərlərinin protestant köklərini tədqiq edirlər.

Onların fikrincə, bu, protestant missionerlik fəaliyyəti ilə bağlıdır, Finlandiya Lüteran kilsəsi dünyanın ən böyük kilsələrindən biridir.

Kananen bildirib ki, bu keyfiyyətlər indi fin mədəniyyətində dərin kök salıb. "Düzgünlük və dürüstlük çox yüksək qiymətləndirilir və bunlara hörmət edilir.”

O, 2001-ci ildə Finlandiya FIS Nordic Ski Championship çempionatına ev sahibliyi edərkən fin konkiçilərlə bağlı baş vermiş bir qalmaqalı yada salır. Finlandiyanın altı ən yaxşı idmançısı dopinqdən istifadə etdiklərinə görə turnirdən diskvalifikasiya edilmişdilər. Qalmaqal milli mətbuatda ictimai biabırçılıq məsələsi kimi işıqlandırıldı və ölkədə kollektiv xəcalət hissi yaşandı.

"Finlər üçün dopinq qalmaqalında ən dəhşətlisi qalmaqalın özü deyildi, - Beynəlxalq idman tarixi jurnalında dərc olunan məqalədə bildirilir. - Ən pisi o idi ki, idmanda dürüstlüklə yanaşı finlərin şərəfli, zəhmətkeş olması haqda mif də dağılmışdı”.

qız, finlandiya, gülən uşaq

"Hər şey milli qürura gedib çıxır, - Kananen deyib.- Bundan fərqli olaraq, Norveçdə xizəkçilərdən birinin dopinqən istifadə etdiyi aşkar ediləndə bütün ölkə onu müdafiə edirdi və onun cəzasının mümkün qədər yumşaq olmasını istəyirdi.”

Həqiqətən də, finlər cəmiyyətdə sosial etimadın yüksək səviyyədə olmasından böyük qürur duyurlar. Bu da ki, öz növbəsində insanların vicdanla hərəkət etməsinə gətirir.

"Finlandiyada dövlət düşmən deyil, dostdur, - Kananen deyib. - Dövlət ümumi rifah üçün fəaliyyət göstərən qurum kimi qəbul edilir - dövlət məmurları da hamının ümumi mənafeyi üçün fəaliyyət göstərirlər. Polis də daxil olmaqla, vətəndaş və məmurlara böyük etimad var. Finlər xoşluqla vergi ödəyirlər. Onlar vergidən yığılan pullarının ümumi fayda üçün istifadə edildiyini və vergilərin toplanması zamanı heç kimin aldadılmayacağını bilirlər”.

Lakin, tez-tez hər şey sadəcə ölçülərdən asılı olur. Helsinkidə yaşayan robot mühəndisi və sahibkar Gokul Srinivasan-ın sözlərinə görə, kiçik bir cəmiyyətdə, əgər kiminsə bir dəfə yalan danışdığı məlum olarsa, o artıq etibarlı sayılmayacaq.

Finlandiya İngiltərədən demək olar ki, üç dəfə böyük olsa da, əhalisinin sayı onun onda biri qədərdir və ölkənin 5,5 milyonluq əhalisinin əksəriyyəti cənubda şəhər mərkəzlərində cəmləşib. Nəticədə, müəyyən bir sahədə olan insanların artıq bir-birlərini yaxşı tanıması üçün şərait yaranır.

"Əgər bir fin səni etibarsız sayırsa, hesab etməlisən ki, bu, artıq körpünün yandırılması deməkdir və bu, digər körpülərin də yanmasına səbəb olacaq, - Şrinivasan deyib. - Onlar sizin arxanızda danışmır, amma kimsə ondan zəmanət verilməsini xahiş etsə, bu, artıq problem olacaq.”

Bu yaxınlarda dalbadal üçüncü il "dünyanın ən xoşbəxt ölkəsi" kimi tanınan Finlandiya üçün bu cür ideyalar ağır görünə bilər. Amma son nəticədə xoşbəxtlik dürüstlük ilə bağlıdır.

Amerika Psixoloji Assosiasiyasının nəşr etdiyi tədqiqata əsasən, psixi və fiziki sağlamlığın yaxşılaşdırılması ilə həqiqətin söylənməsi arasında bir əlaqə mövcuddur.

Finlandiyada olanda bu ölkənin “xoşbəxtliyinin” özünü necə və harada göstərdiyini qeydə almağa çalışdım.

Fikrimcə, finlər insana kömək etməyə hazırdılar, lakin müdaxilə etməməyə çalışırlar, mehribandırlar, amma həm də emosional deyillər, aydın danışırlar, amma aşırı ifadəyə meyilli deyillər. Aydın olanı budur ki, onlar birbaşa ünsiyyət tərəfdarıdırlar, Strellman bunu onların düzgünlük və düzlük dəyərləri ilə əlaqələndirir.

finlandiya

"Biz xırda mövzulara dair söhbət etməyi bacarmırıq - mənasız bir şey haqqında danışmaqdansa, susmaq həmişə daha yaxşıdır, - o deyib. – Finlər boş vədlər vermir və nəyisə cilalamağa çalışmır. Finlər çox danışmaqdansa düz danışmağa üstünlük verirlər.”

Finlər dedikləri sözləri ciddi qəbul edirlər və deyilən hər bir sözün arxasında dururlar. Etnoqraf Donal Carbaugh qeyd edir ki, finlilər təmtərahlı sözləri lovğalıq kimi qəbul edirlər.

Kananen razılaşır: "Finlər ifadələri səsləndiyi kimi qəbul etməyə meyllidir. Beləliklə, əgər siz misal üçün, bir burgerin tarixdə ən yaxşı burger olduğunuzu deyirsinizsə, bunu sübut etməyənə qədər siz bir qədər şübhəli və lovğa birisi kimi görünəcəksiniz”.

laplandiya

Əlbəttə ki, bu məsələ də müəyyən çətinliklər var. "Bu mədəniyyətin başqa bir üzü də odur ki, iqtisadiyyat, səhiyyə, texnologiyalar kimi bir çox məsələlərdə yalnız bir "həqiqətin” olmasını qəbul etmək lazım gəlir, - Kananen qeyd edir. - Bu, qəzetlərdən və ekspertlərin bizə dediklərindən biləcəyimiz həqiqətdir. Biz fikir müxtəlifliyinə çox da dözümlü deyilik, çünki yalnız bir həqiqətin olduğuna dair rəy cəmiyyətdə dərin kök salıb”.

Çox vaxt, dürüstlük, finlərin sizə dediyi kimi, ən yaxşı siyasət olur - buna alışmaq üçün bir az vaxt lazım olsa da. Bir dəfə bir fin dostumla Finlandiyanın cənubundakı Turku şəhərinə getdik. Orada şəhərin mərkəzində yaxşı pivə barı axtarırdıq. Hər bir pivəxanaya girərkən paltarlarımızı girişdə asılqandan asırdıq.

İçib söhbət etdiyimiz vaxt isə hərdən bir asılqandakı paltarıma da bir nəzər salırdım.

"Narahat olma, - dostum mənə, bəlkə də 100-cü dəfədir ki, dedi - Heç kim dəyməyəcək".

Nəhayət mən də buna inanmağa başladım.

Mənbə: BBC

OXŞAR XƏBƏRLƏR