Gələcəkdə turizm şirkətlərinə ehtiyac olmayacaq?

AZTA sədrinin turizm şirkətlərinin təsnifatlandırılması barədə təklifi birmənalı qarşılanmayıb
Xəbərlər 11 Fevral 2014 00:00 1177
Gələcəkdə turizm şirkətlərinə ehtiyac olmayacaq?

Xəbər verdiyimiz kimi, Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov Dünya Turizm Təşkilatının Birləşmiş Üzvləri İdarə Heyətinin Madriddə keçirilən toplantısında turizm şirkətlərinin təsnifatlandırılması və şirkətlər haqqında məlumatların vahid sistemdə yerləşdirilməsi təklifi ilə çıxış edib. 

Onun fikrincə, bu halda hotellər kimi, turizm şirkətləri də dərəcələri ilə seçilər. Assosiasiya sədri bildirib ki, şirkətlərin təsnifatlandırılması hər ölkənin öz qanunvericiliyi çərçivəsində həyata keçirilməlidir. Təklif qurumun mart ayında Berlində keçiriləcək növbəti toplantısında müzakirə edilməsi üçün qeydiyyata alınıb. 
Bəs Azərbaycanın turizm təmsilçiləri bu təklifi necə qarşılayırlar, belə bir bölgü şirkətlərin işində keyfiyyətə nail olmağa imkan verərmi? 

Şirkətlərin dərəcə almasına ehtiyac yoxdur

Bu barədə fikirlərini qəzetimizlə bölüşən Mədəniyyət və Turizm Nazirliyinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirdi ki, əgər turizm şirkətinin lazımi imkanı və bacarıqlı işçi heyəti varsa, o, yüksək dərəcədə xidmət göstərəcək. Şirkətin fəaliyyət göstəricisi müştərinin münasibətidir: «Ola bilsin ki, şirkət beşulduz səviyyəsində bir iş üzərinə götürsün, amma göstərdiyi xidmət ona uyğun olmasın. Bu vəziyyət yalnız şirkətin özünə zərər vurur. Sadəcə, şirkətə minimal tələblər qoyulmalıdır. Hər bir şirkət işi, müştəriyə göstərdiyi xidmətin keyfiyyəti və müştəri sayı ilə bu dərəcəni qazanmalıdır. Mənim fikrimcə, şirkətlərin müqavilə öhdəliklərini yerinə yetirməsi üçün onun dərəcə almasına ehtiyac yoxdur. Müqavilə öhdəlikləri var və qarşılıqlı yerinə yetirməlidir. Əks təqdirdə, bunun üçün məhkəmə var. Düşünürəm ki, bu problemi şirkətləri təsnifatlandırmaqla həll etmək mümkün deyil». 

Kateqoriyaya bölmək inkişafa gətirməyəcək

Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadır Bilalovun sözlərinə görə, bütün dünyada lisenziya verən orqan eyni zamanda nəzarət etməlidir ki, turizm şirkətləri həmin lisenziyaya uyğun fəaliyyət göstərsin. Lisenziya almaq o deməkdir ki, şirkət fəaliyyətini müəyyən olunmuş qaydalar çərçivəsində həyata keçirəcək: «Bu, lisenziya haqqında əsasnamədə yazılıb. Sənəddə o da qeyd olunub ki, lisenziya verən orqanın haqqı var ki, lazım gələndə verdiyi lisenziyanı geri alsın. 
Şirkətlərə dərəcə verilməsi mənim fikrimcə, heç bir nəticəyə gətirib çıxarmayacaq, əksinə, turizm sahəsini inhisarlaşdıra bilər». 
Həmsöhbətimiz deyir ki, turizm şirkətləri arasında rəqabət olmalıdır: «İnsanlar görməlidir ki, hansı şirkət daha sərfəli təklif verir, onun yanına getsin. İnsanlar da seçim etməlidir. Turizm şirkətlərinin fəaliyyətində xidmətin keyfiyyətinə və düzgün reklama əməl edilməsinə nəzarət olmalıdır». 
Mütəxəssisin sözlərinə görə, internet texnologiyalarının inkişafı ona gətirib çıxaracaq ki, gələcəkdə, ümumiyyətlə, turizm şirkətlərinə ehtiyac qalmayacaq: «Çünki mehmanxanaları internet üzərindən bron etmək və pulunu ödəmək mümkündür. Nəqliyyat şirkətini sifariş etmək və pulunu ödəmək olur. Beləcə, turizm şirkətlərinin xidmətinə ehtiyac qalmayacaq. Dünya Turizm Təşkilatında çalışan ekspertlər də bilirlər ki, inkişaf üçün turizm şirkətləri arasında rəqabət lazımdır. Kateqoriyaya bölmək inkişafa gətirməyəcək».

Şirkətə verilən lisenziya elə onun üçün dərəcədir

«Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyev deyir ki, hər bir ölkədə turizm fəaliyyəti ilə məşğul olmaq üçün müxtəlif şərtlər var: «Hər ölkə Dünya Turizm Təşkilatının tövsiyələrindən yararlanıb özünün bir qanunvericilik bazasını işləyib hazırlayır. Bu gün Azərbaycanda turizm lisenziyası sırf turizm fəaliyyətinə verilən lisenziyadır. Yəni turagent, turoperator və s. fəaliyyətlərin bölgüsü aparılmır. Amma məsələn, Rusiyada böyük bank, maliyyə, sığorta təminatları mövcuddur. Həmin təşkilat nə vaxtsa müflis olursa, yaxud xarici ölkədə onun turisti qalıbsa, bu fondlar hesabına bu turistin istehlakçı hüquqlarını qorumaq, maddi və mənəvi ziyanını kompensasiya etmək olur. Rusiyada bu tələb turoperator fəaliyyəti üçündür. Turagent fəaliyyəti üçünsə heç bir lisenziya tələb olunmur. Çünki turagent beynəlxalq turizm əlaqələrinə keçə bilməz. Türkiyədə də vəziyyət eynidir. Orada A, B, C qrup turizm şirkətləri mövcuddur. Bunlar da müxtəlif istiqamətlər üzrə ixtisaslaşıblar. Azərbaycanda isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziyanın turizm şirkətinə verilməsi elə onun üçün dərəcədir».


Fəxriyyə Abdullayeva. "Mədəniyyət" qəzeti

OXŞAR XƏBƏRLƏR