I Avropa Oyunlarına gələn sərnişinlərə güzəştli aviabilet

Dnepropetrovsk-Bakı təyyarə reysi uçuşlarını iyunun 6-dan başlayaraq həyata keçirəcək
Xəbərlər 3 Iyun 2015 00:00 1133
I Avropa Oyunlarına gələn sərnişinlərə güzəştli aviabilet

"Dneproavia" aviaşirkəti Birinci Avropa oyunlarını nəzərə alaraq iyunun 6-dan etibarən möhtəşəm idman yarışında iştirak edəcək idmançıların və azarkeşlərin rahat gediş-gəlişini təmin etmək üçün Dnepropetrovsk-Bakı təyyarə reysində xüsusi xidmət növündən istifadə edəcək. Seyyah.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, şirkətin Azərbaycan üzrə nümayəndəsi Əziz Əliyev bildirib ki, birinci Avropa Oyunlarında iştirak etmək üçün Ukraynadan Bakı şəhərinə gələcək hər bir idmançıya və azarkeşə yüksək xidmət göstəriləcək, onlara Bakının qədim abidələri və müasir istirahət mərkəzləri ilə tanış olmaları üçün informasiya bukletləri paylanılacaq.

Onun sözlərinə görə, şirkət həmçinin Avropa Oyunlarında iştiraklarını müvafiq sənədlə təsdiq edən sərnişinləri güzəştli biletlərli ilə də sevindirəcək: "Biz çalışacağıq ki, doğma Bakımıza gələn hər bir qonağa ölkəmiz haqqında dolğun məlumat verilsin. "Dneproavia" şirkəti bu istiqamətdə üzərinə düşən missiyanın öhdəsindən layiqincə gələcək. Bildiyiniz kimi, Şərqi Ukraynada 2 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bölgədə həmçinin on minlərlə soydaşımız yaşayır. Onlar Ukraynanın Dnepropetrovsk, Xarkov, Zaporojye, Poltava, Sumı və digər şəhərlərindən vətənə gəlib-getmək üçün mütləq hər dəfə əlavə 500-600 km məsafə qət etməklə Kiyevin Borispol hava limanından istifadə edirdilər ki, bu da onlara vaxt itkisi və maddi baxımdan baha başa gəlirdi. Biz soydaşlarımıza bu istiqamətdə yüksək xidmət göstərməklə, onların vətənə gəlib-getməsinin asanlaşdırılmasına da öz töhfəmizi verəcəyik".

Qeyd edək ki, Dnepropetrovsk-Bakı təyyarə reysi ilkin olaraq uçuşlarını iyunun 6-dan başlayaraq hər həftənin bazar günü yerli vaxtla saat 14:00-da Dnepropetrovsk şəhərindən, 19:30-da isə Bakıdan həyata keçirəcək. Şirkət sərnişinlərin tələbinə uyğun olaraq, iyul ayından etibarən reysin sayını həftədə 2 dəfəyədək artırmağı da nəzərdə tutub. Yeni təyyarə reysinə bilet almaq istəyən sərnişinlər Dniproavia.com saytına və istənilən aviabilet satışı agentliklərinə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR