Hotellər Assosiasiyası: Hotellərdə qiymətlərin artması - MÜŞAHİDƏ OLUNUR

Hotellər Assosiasiyası: Hotellərdə qiymətlərin artması - MÜŞAHİDƏ OLUNUR
Xəbərlər 29 Noyabr 2021 17:42 576
Hotellər Assosiasiyası: Hotellərdə qiymətlərin artması - MÜŞAHİDƏ OLUNUR

Ölkəmizdə fəaliyyət göstərən hotel və digər qonaqlama xidmət müəssisələrində qiymətlər bahalaşır.

Seyyah.az xəbər portalı Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib. Onun sözlərinə görə, buna bir sıra amillər təsir göstərir.

"Bir tərəfdən qarşıdan Yeni il bayramı gəlir və bu səbəbdən ölkəyə səfərlərin sayı artır. Digər tərəfdən xaricə çıxışlar bahalaşdığı üçün yerli turistlər də ölkə daxilində istirahətə üstünlük verirlər. Şəhər əhalisi əsasən regionlara üz tutur. Bütün bunlar qiymətləri artırır. İndidən bəzi hotellərin bayram üçün müxtəlif paketlər təklif etdiyini müşahidə edirik. Həmin paketlərə şou-proqramlar, qidalanma, digər əyləncə tədbirləri daxil edilir. Bəzi hotellər isə artıq bayram günlərinə rezervasiyalarını dayandırıblar. Ümumiyyətlə bayram ərəfəsində qiymətlərin artması sektorda ənənəvi haldır", - deyə assosiasiya sədri bildirib.

O, qeyd edib ki, buna baxmayaraq qalxan qiymətlər ötən illərlə müqayisədə aşağıdır.

"Qiymət artımlarını normal hesab edirik və burada qeyri-adilik yoxdur. Sadəcə düzgün və ədalətli rəqabətin aparılmasının tərəfdarıyıq. Qiyməti tənzimləyən tələb və təklif arasındakı münasibətlərdir. Burada dövlətin tənzimlənməsinə ehtiyac yoxdur və olmamalıdır. Lakin hotellər və digər xidmət sahəsinə aid olan müəssisələr Azərbaycan vətəndaşının bugünkü qazancını da nəzərə almalıdırlar ki, hər kəs üçün əlçatan istirahət imkanları təmin edilsin", - S.Dübəndi əlavə edib.

Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri onu da bildirib ki, bayramın yaxınlaşması ilə əlaqədar xarici turistlərin axınında da canlanma var.

"Bildiyiniz kimi, bir sıra ölkələrlə hava sərhədlərimiz açıqdır və müəyyən məhdudiyyətlər olsa da, turizm mübadiləsi bərpa edilib. Düşünürük ki, Yeni İl ərəfəsində xarici turistlərin axını daha çox olacaq. Təyyarələrə bilet satışında da artım müşahidə olunur", - S.Dübəndi qeyd edib.

OXŞAR XƏBƏRLƏR