“Hətta bir itin sosial səhifələrinin idarə edilməsi təklif olunmuşdu” - Zamirə Ədilova

“Hətta bir itin sosial səhifələrinin idarə edilməsi təklif olunmuşdu” - Zamirə Ədilova
Xəbərlər 28 Dekabr 2021 20:12 1344
“Hətta bir itin sosial səhifələrinin idarə edilməsi təklif olunmuşdu” - Zamirə Ədilova

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis, jurnalist Zamirə Ədilova “Qafqazinfo”ya müsahibə verib. Seyyah.az müsahibəni təqdim edir.

- Uzun müddətdir Azərbaycanda deyilsiz. Bu, xaricə köçmüsüz kimi fikir formalaşdırır.

- Bəli, 5 aydır Azərbaycanda deyiləm. Xeyli müddətdir bacım Birləşmiş Krallıqda yaşayır, hazırda bir-birimizdən uzun müddət ayrı qalmağın əvəzini çıxmağa çalışırıq. Bir aylıq tətil üçün getmişdim, sonra gələn ay dönərəm deyə-deyə bu müddət xeyli uzandı. Həm bacımın təkidi ilə, həm valideynlərim bizim bir yerdə olmağımızı istəyirdi deyə tətil müddətini uzatmalı oldum. Amma Azərbaycandan köçməmişəm, vizamın müddəti bitəndə geri dönəcəyəm. Xarici ölkələrə səyahət etməyi sevirəm, amma ölkədən köçmək fikrim heç vaxt olmayıb.

- Planlarınız hansı istiqamətdədir?

- Bir çox iş təklifləri var. Etiraf edirəm ki, bir təklifin perspektivini əvvəlcədən hesablaya bilmədim. Amma peşman da deyiləm, o yerə çox layiqli təyinat olub. Bir neçə təklif isə hazırda nəzərdən keçirilir. Deməliyəm ki, 2 il bundan əvvəl meyarlarım tam fərqli idi, indi tamam fərqlidir. Hesab edirəm ki, müəyyən təcrübəm var, öz üzərimdə çalışıram, müasir tendensiyaları izləyir və fəaliyyətimdə tətbiq edirəm. Belə olan halda, daha uğurlu bir təklifi dəyərləndirməyə haqqım olduğunu düşünürəm. Bura mənə yaradılan şəraitdən, göstərilən diqqət və hörmətdən tutmuş əmək haqqı məbləğinə qədər hər şey daxildir.

18 yaşımdan işləməyə başlamışam və bu 5 ayı çıxmaq şərti ilə fasilə verməmişdim. Düzü, bir az yorulduğumun fərqinə vardım. İnsan eyni işlə uzun müddət məşğul olanda özünü təkrarlaya bilir. Ona görə də, yenilənmək üçün bu fasilə labüd idi.

Planlara gəldikdə isə, ən yaxşı bildiyim işi görməyə davam edəcəyəm. Gələcəkdə ictimaiyyətlə əlaqələr üzrə öz işimi qurmağı da planlaşdırıram. Düşünürəm ki, PR menecerin də bir yaş dövrü var. PR işi dinamizim, çeviklik, estetika və innovasiya tələb edir. Müəyyən yaşdan sonra bu işi görməyin tərəfdarı deyiləm. Fikrimcə, yaş artdıqca sadaladığım tələblərə cavab vermə səviyyəsi aşağı düşür.

Birləşmiş Krallıqda menecer üçün tələblər olduqca yüksəkdir

- Bəs Birləşmiş Krallıqda bu iş üçün tələblər necədir, məlumatınız varmı?

- Bir aylıq tətildən sonra müvafiq vakansiyalar üzrə müraciət etməyə başladım. İlk məqsədim onların PR mütəxəssisi üçün meyarlarını müəyyən etmək idi. Bu gün bir çox ölkələrdə, eləcə də Birləşmiş Krallıqda iş üçün müraciətlər ilkin olaraq “bot”lar tərəfindən çeşidlənir. Daha sonra insan müdaxiləsi ilə namizədlər qiymətləndirilir. Bir şirkətdən iki mərhələli müsahibəni keçdim, sadəcə burada işləmək üçün iş vizası və Milli sığorta nömrəsi tələb olunur. Şirkət isə bunu qarşılamırdı, amma onların məsləhəti ilə bir neçə onlayn kursa qoşuldum ki, çox da faydalı oldu.

Qeyd edim ki, bir menecer üçün tələbləri çox yüksəkdir. Həddindən artıq texniki biliklər tələb olunur, Azərbaycanda dizaynerin, veb adminin, sosial media, marketinq menecerinin gördüyü iş burada PR menecerə olan tələb kimi qoyulur. Müəyyən məvacib qazanmaq üçün “freelancer” olaraq SMM işi ilə məşğul oldum. Hətta bir itin sosial media səhifələrinin idarə edilməsi təklif olunmuşdu. Bacım dedi ki, imtina edəcəksənsə çox nəzakətli olmalısan, çünki ingilislər üçün ev heyvanları övlad qədər əzizdir, onlara qarşı istənilən etinasız davranışdan çox inciyə bilərlər. *Onu da deyim ki, bu iş üçün təklif olunan məvacib kifayət qədər yüksək idi. Ümumiyyətlə, ölkə hər anlamda bahalı sayılır. Təsadüfi deyil ki, ingilis sterlinqi dünyanın ən qiymətli pul vahidləri arasında ilk beşlikdə qərarlaşır.

İngilislər üzr istəmək üçün səbəb olmasa belə, üzr istəyirlər

- Orada həyat necədir? Yerli əhalini necə xarakterizə etmək olar?

- Rahat, rahat olduğu qədər də intizamlı. Bu intizamı yalnız pandemiya şərtlərinə əməl etməməklə pozurlar, bir neçə həftə əvvəl demək olar ki, qapalı yerlərdən daha çox avtobuslarda qoruyucu vasitələrdən istifadə olunurdu. Bu günlərdə “Omicron” ştammının sürətlə yayılması ilə bağlı qadağalar yenidən sərtləşdirilib, rekord yoluxmadan dolayı Londonda fövqəladə hal elan edilib.

Ümumilikdə, ingilislər çox gülərüz, ünsiyyətcil və nəzakətlidirlər. Tarixlərinə, irslərinə çox sadiqdirlər. Bununla belə, irqçilik yox dərəcəsindədir. Burada bütün millətlər özünü rahat hiss edə bilər. İnsanların təşəkkür etmək və üzr istəmək mədəniyyəti o qədər yüksəkdir ki, üzr istəmək üçün səbəb olmasa belə, üzr istəyirlər. Yaşlı nəsil xüsusilə nəzakətli və dinamikdirlər.

Diqqətimi çəkən məqamlardan biri də o oldu ki, əksər iş yerlərində yaşlı insanlar çalışır. Deyərdim ki, hətta onlar cavanlardan daha çevik görünürlər. Nazirlikdə çalışarkən ən çox poçtalyonların və poçt əməliyyatçılarının yaşlı olması ilə bağlı şikayətlərlə rastlaşırdım. Bu gün müşahidə edirəm ki, burada da poçt şöbələrində yaşlı insanlar çalışır. Poçtdan söz düşmüşkən, bir məqamı da qeyd edim ki, ölkələr arasında göndərilən məktubların üzərində adının yazılmasına ehtiyac olmayan yeganə ölkə İngiltərədir. Çünki poçt markasının üzərində kraliçanın şəkli var.

Alışdığımızın əksinə olaraq, çoxlu müxtəlif İngilis ləhcələri var ki, (təxminən hər 45 km-dən bir ləhcə dəyişir) maraqlı olduğu qədər də mürəkkəbdir. Bura gələnə qədər İngilis dilini bildiyimi zənn edirdim, Amerikada bu qədər çətinlik çəkməmişdim. İnsanlar çox sürətli və qısaldılmış formada danışırlar. Yeni gələndə parklarda söhbət edən qadınların yanında oturub onları dinləyirdim, yalnız 50-60 faiz nisbətində nə danışdıqlarını anlayırdım. Bacıma şikayət edirdim ki, anlaya bilmirəm, o da deyirdi ki, dili hansı səviyyədə bilməyindən asılı olmayaq, dünyanın hər yerində qeybət edən qadınları anlamaq çətindir. (Gülür) Bu kimi halları nəzərə alaraq, dil bilgilərimi təkmilləşdirmək üçün kurslara yazıldım.

“Günəşin heç vaxt batmadığı diyar"

- Birləşmiş Krallığa səyahət etmək arzusunda olanlar üçün nə deyə bilərsiniz?

- Birləşmiş Krallıq dedikdə hər kəsin ağlına yağışlı və boz səma gələ bilər. Ölkənin iqlimi dəyişkəndir, qışı mülayim, yayı sərindir. Doğurdan da, səma adətən qapalıdır. Bir gündə 4 fəsili yaşamaq mümkündür. Buna baxmayaraq, təqdim etdiyi imkanlara görə “Günəşin heç vaxt batmadığı diyar" adlanır. Krallığın 60 milyondan çox əhalisi var. Məşhur ingilis pivəsini dadmaq, qırmızı ikimərtəbəli avtobuslara minmək, moda və ticarət mərkəzlərində alış-veriş etmək, İngiltərə saraylarında tarixə ekskursiya, “Madam Tüsso” muzeyinin mum heykəlləri ilə keçmişə toxunmaq, hörümçək torunu xatırladan metro şəbəkəsi ilə səyahət və məşhur qırmızı telefon köşklərində şəkil çəkdirmək üçün turistlərin ən çox səyahət etdiyi ölkələrdəndir. Haşiyə çıxaraq qeyd edim ki, qırmızı telefon köşkləri istifadə edilməsə də, simvolik olaraq şəhərin əsas hissələrində qalır.

İngilis mətbəxi digər dünya mətbəxlərini xatırlatmasa da, beynəlxalq mətbəxdir. Britaniya mətbəxində müxtəlif mədəniyyətlərin təamlarına rast gəlmək olar. Demək olar ki, ingilis səhər yeməyi anlayışı bizim yemək mədəniyyətimizdən bir az fərqlidir. Quru lobya ingilislər üçün səhər yeməyinin vazkeçilməz hissəsidir. Ölkədə axşam yeməyində də səhər yeməyi kimi yüksək xolesterinli menyu ilə qarşılanacağınızdan əmin ola bilərsiniz. Dünyada ən çox çay istehlak edən də ingilislərdir. “İnşaatçı çayı” adlandırılan südlü çayları olduqca məşhurdur. İnşaatçıların inşaatda fasilə verərkən dəmlədikləri çay olduğu üçün belə adlandırılıb.

Ölkə mədəni turizmlə yanaşı, əyləncəli həyatı ilə də turistlərin diqqət mərkəzindədir. Əyləncəli bir gecə üçün London, Oksford, Sauthempton, Mançester, Nyukasl, Liverpul və Lids gözəl imkanlar təklif edir.

Krallıq ictimai nəqliyyat baxımından çox inkişaf etmiş ölkədir. Xüsusilə, metroyla hər yerə çatmaq olar. Məşhur qırmızı və ikimərtəbəli avtobuslarla da zövqlə səyahət etmək mümkündür. Lakin ölkədə nəqliyyat xərcləri bir qədər bahadır.

Zəngin tarixə malik olan paytaxt London turistlərin ən vacib dayanacaqlarından biridir. Londonun memarlıq üslubu və teksturası çox fərqlidir. “Hyde Park”da qısa bir istirahətdən sonra sarayların əzəmətini, Milli Qalereyada gözəl sənət əsərlərini kəşf etdikdən sonra “Londan Eye” dönmə çarxının zirvəsində şəhər mənzərəsini seyr etmək imkanınız olacaq. Londonda mütləq “Big Ben”, “Tower Bridge”, “St. Paul Katedrali”, “Bukingem Sarayı” və “London Eye” ziyarət edilməlidir.

Paytaxt 24 saat yaşayan və həddindən artıq alternativləri olan bir şəhər olduğu üçün tam gəzmək üçün 3-4 gün sərf etmək lazımdır.

İngilislərin əskəriyyəti Azərbaycanı tanıyır

- Azərbaycanlılara münasibət necədir?

- Ünsiyyət zamanı əskəriyyətin Azərbaycanı tanıdığının şahidi oldum, amma çoxu Azərbaycana səfər etmədiklərini, ilk dəfə isə azərbaycanlı gördüklərini deyirlər. Azərbaycan haqqında məlumatlı olanlar (xüsusilə gənclər) “Eurovision” və “Formula-1”-dən tanıdıqlarını bildirirlər. Yaşlı nəsil isə ölkəmizi neft, Türkiyə və SSR ilə assosiasiya edir.

- Sonuncu iş yerinizdən ayrılanda bunu daha çox səhhətinizlə əlaqələndirmişdiz. İndi necəsiniz?

- Çox yaxşı. Əslində mənim fizioloji heç bir narahatlığım yoxdur. Sadəcə, çox həssas insanam, ətrafımda baş verən hər bir hadisəni dərindən hiss edirəm, empati hissim olduqca yüksəkdir. Həyatımda hər anlamda xoş enerji varsa, heç bir narhatlığım olmur. Ötən müddət ərzində heç bir narahatlıq keçirməmişəm, çünki xoşbəxtəm, rahatam, ətrafımda xoş aura höküm sürür. Bir evdə Mira (red: bacısı qızı) varsa, necə yaxşı olmamaq olar?! Onunla dünya mənim üçün fərqli bir yerdir. Rəngarəng, problemsiz, huzurlu…

- Qürbətdən Bakı necə görünür?

- Memarlıq üslubu baxımından Bakını London ilə müqayisə edə bilərik. Hər iki şəhər həm modern infrastruktura, həm də tarixi arxitekturaya malikdir. Ümumiyyətlə, Bakı səyahət etdiyim bütün gözəl şəhərlər fonunda mənim üçün hər zaman əzəmətli və əvəzolunmazdır.

Bir az mübaliğəli olacaq, amma qürbətdən Bakı mənsiz görünür. Tam da belə hiss edirəm. Bir hadisə baş verəndə fikirləşirəm, mən niyə orada yoxam?! Hər gün xəbərləri oxuyuram, elə olur vacib məlumatları bir neçə dəfə oxuyub-analiz edirəm. Sanki məsafədən nəyisə düzgün anlaya bilməməyin narahatlığı var. Onu da anladım ki, qürbətdə insan bütün duyğuları daha dərindən yaşayır.

Əvvəllər fikirləşirdim ki, bir gün mən ailəmin, dostlarımın yanında olmasam, nə baş verər?! Bu aylar ərzində həyatımda olan insanları, özümə yaxın sandıqlarımı uzaqdan izlədim. Mənim dostluq mizahımda insanlara laqeyd yanaşmaq yoxdur. Ona görə də, bəzən incidim, bəzən baxdım ki, mənsiz onlar üçün də nəsə çatmır, bəzən fikirləşdim ki, mən olsaydım, hər şey başqa cür olardı. Amma onu da öyrəndim ki, bir insan üçün ən yaxın dost da, dəstəkçi də elə valideynləridir. Bundan sonra mənim üçün tamamı ilə yeni mərhələ başlayacaq. Artıq yeni bilgilər əldə etmişəm - həm karyera baxımından, həm də insanları qiymətləndirmək nöqteyi-nəzərindən. Bütün bunların fonunda Vətənə dönməyi səbirsizliklə gözləyirəm.

- Sizə uğurlar arzu edirik!

- Minnətdaram, mənim üçün doğma olan kollektivinizə hər zaman seçilməyi arzu edirəm!

Qeyd edək ki, Z.Ədilova 2002-2007-ci illərdə Bakı Dövlət Universitetində Jurnalistika fakültəsi üzrə bakalavr təhsilinə yiyələnib. 2005-2008-ci illərdə “525-ci qəzet”də müxbir-reportyor kimi əmək fəaliyyətinə başlayıb. 2008-2019-cu illərdə indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində redaktor, ictimaiyyətlə əlaqələr üzrə menecer kimi fəaliyyətini davam etdirib. 2019-2021-ci illərdə SOCAR-ın Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi olub. 100-dən çox publisistik məqalənin müəllifidir.

OXŞAR XƏBƏRLƏR