Meksikanın ən çox ziyarət olunan 60 turizm məkanı: Qaranquşlar quyusu

Meksikanın ən çox ziyarət olunan 60 turizm məkanı: Qaranquşlar quyusu
Xəbərlər 12 Aprel 2022 17:12 3720
Meksikanın ən çox ziyarət olunan 60 turizm məkanı: Qaranquşlar quyusu

Siz heç quyuda yuvalayan quşlar haqqında eşitmisiniz? Bəs, sualtı muzey, onun zalları, eksponatları barədə azacıq da olsa məlumatınız varmı? Öz gözəlliyi, qeyri-adi canlıları, unikal bitkiləri ilə heyrətamizlik yaradan yerləri tanımaq insana bilgi, zövq verir. Dünyanın ən dar küçələrindən olan “Öpüş küçəsi”, milyonlarla həşəratın uçuşaraq ətrafa işıq saçması, parkda yaradılan “şeytan” çarxı, unikal əhəmiyyətə malik arxeoloji zona haqqında bilmək istəyinin də qəlbinizdə səyahət arzusu oyadacağına əminik...

Seyyah.az Meksikaya səyahət etmək istəyən turistlər üçün maraq doğura biləcək məkanlardan bir neçəsini təqdim edir.

Qaranquşlar quyusu

Dünyanın ən böyük mağaralarından biri də Huasteka Potosinanın düz göbəyində yerləşir. Söhbət Qaranquşlar quyusundan gedir. Quyunun eni 60 metr, dərinliyi isə 512 metrə çatır. Günəşin şüaları quyunun ancaq yerin səthinə yaxın olan hissəsini işıqlandırır. Məhz bu səbəbdən də divarları əhəngdaşından olan quyunun üfüqi qatlarını izləmək olar. Ancaq quyunun dərin qatlarında zülmət hökm sürür. Quyu müxtəlif növ quşların yuvaladığı bir yerdir. Bir çoxları onları qaranquş kimi təsvir etsə də, aralarında ağqarın uzunqanadlar çoxdur. Bu quşlar səhərin şəfəqlərilə oyanır, axşamlar isə pırıltı ilə uçub yuvalarına qayıdırlar.

Kankun Sualtı İncəsənət Muzeyi

Kankun Sualtı İncəsənət Muzeyi dəniz və ətraf mühitin qorunmasını təbliğ etməklə yanaşı, ziyarətçilərə incəsənət və elm arasındakı bağlılığı nümayiş etdirir. 16 sualtı zaldan ibarət olan muzey İsla Muxeres adasına yaxın ərazidə yerləşir və yalnız dalğıcların görə biləcəyi saysız-hesabsız heykəlcikləri sərgiləyir. Muzey ilin bütün ayları ziyarətçilər üçün açıqdır.

Biosfera de Sielo

Tamaulipasın cənub-şərqində yerləşən bu qoruq təsirli biomüxtəlifliyi və qeyri-adi mənzərələrilə zəngin gizli bir cənnət-məkandır. 144 min 530 hektar ərazidə yerləşən Biosfera de Sielo özündə 4 növ ekosistem - tropik selva, yarımsəhra, rütubətli meşə və mülayim şam meşəsini birləşdirir. Burada 255 növdən çox daimi və 175 köçəri quş, 90-dan çox sürünən, 40 amfibiya və 110-dan çox məməli heyvan yaşayır. Bu baxımdan Biosfera de Sielo təbiəti, ekoturizmi və macəra idman növlərini sevənlər üçün ideal bir yerdir.

El Pinakate biosfer qoruğu və Qran Desierto de Altar

El Pinakate və Qran Desierto de Altar tropik iqlim mənşəli və yağıntılarla bol olan Sonoran səhrasında yerləşdiyindən Meksikanın ən heyrətamiz bölgələrindən biri hesab olunur. El Pinakate və Qran Desierto de Altar möhtəşəm gözəllik, qeyri-adi canlılar, unikal bitkilər və diqqətəlayiq geoloji xüsusiyyətləri ilə seçilir. Bu, Şimali Amerikanın ən böyük qum təpələri olan səhrasıdır. Təpələr qeyri-adi – ulduz formasındadır. Ərazi vulkanik zona olduğundan, içərisində daim lava qaynayan, konusvari nəhəng vulkan ağızları ilə zəngindir.

Serro de la Siya (Kürsü dağı)

Bu məşhur dağ uzaqdan baxanda adama kürsünü xatırladır. Dağın zirvəsinə bir neçə yerdən qalxmaq mümkündür. Monterrey şəhəri sizə bir çox heyrətamizlik doğuran maraqlı məkanlar təklif edə bilər, ancaq Serro de la Siyanın gözəlliyi heç nəylə əvəz oluna bilməz. Serro de la Siyanın dörd zirvəsi var: Şimal, Cənub, Antena və La Virxen. Ən hündür zirvəsi dəniz səviyyəsindən 1820 metr yüksəklikdə duran Piko Nortedir. Dəniz səviyyəsindən cəmi 1750 metrədək yüksələn Piko de la Virxen isə bu dağın ən alçaq zirvəsi hesab olunur. Turistlər burada vaxtlarını müxtəlif formada keçirə bilər: şəhərin üstünü örtən buludlara tamaşa edərək selfi çəkə və ya saatlarla metropolisi, xüsusilə onun gecə görüntüsünü seyr edə bilər.

Kayexon del Beso (Öpüş küçəsi)

Quanaxuatonun bütün əfsanələri arasında ziyarətçiləri ən çox özünə cəlb edən, bu müstəmləkə şəhərinin ən dar küçələrində romantik cütlükləri öpüşməyə çağıran Kayexon del Besodur. Ən dar yerində 75 santimetr, eyvandan eyvana qədər isə 78 santimetr olan bu küçə Quanaxuatoya gələnlərin sevimli məkanına çevrilib, çünki sevgi hekayətləri sevgililəri həmişə özünə cəzb edib. Ənənəyə görə əgər kimsə öz sevgilisini bura gətirsə üçüncü addımda öpməlidir, əks təqdirdə onları 7 il uğursuzluq gözləyir. Kayexon del Besonu səhər tezdən ziyarət etmək məsləhətdir, çünki gün ərzində fotoşəkil çəkmək istəyən turistlər orada sıxlıq yaradır.

İşıldaböcək ziyarətgahı

Meksikanın Tlakskala ştatında Nanakamilpa yaxınlığında İşıldaböcək ziyarətgahı kimi tanınan bir təbiət hadisəsi baş verir. Milyonlarla həşərat qürub çağı havada uçaraq cütləşir, fantastik filmlərdə olduğu kimi ətrafa işıq saçırlar. İşıldaböcək şousuna baxmağa dəyər. Tamaşa alatoranlıqda başlayır və təxminən bir saat davam edir, axşam saat 10 radələrində isə başa çatır. Bir sıra qaydalar var ki, onlara əməl edilməlidir. Tur zamanı fənər və ya işıq saçan cihazların istifadəsinə icazə verilmir.

Tulum

Tulum Meksikanın Karib dənizi sahilində, Yukatan yarımadasında bir şəhərdir. Qədim Maya limanının qorunan xarabalıqları ilə tanınır. Ərazinin əsas binası ağ qumlu çimərliklərə və firuzəyi dənizə baxan qayalı uçurumun üstündə dayanan El Kastiyo adlı böyük daş konstruksiyadır. Xarabalıqların yaxınlığında manqrov ağacı və sahil tərəfdə senotlardan (sualtı mağaralardan) ibarət Tulum Milli Parkı yerləşir.

Estreya de la Puebla

Puebla Ulduzu, Puebla de los Anxeles şəhərində, uzunsov park adlanan yerdə turistlər üçün yaradılan bir “şeytan” çarxıdır. Puebla Ulduzu uzunsov parkın mərkəzində yüksəlir, 80 və 54 ədəd oturacaqları ilə Latın Amerikasının ən hündür “şeytan” çarxı hesab olunur. Hündürlüyə qalxan turistlər Popokatepetl və İztaksihuatl vulkanlarını, eyni zamanda, şəhərin mənzərəsini seyr edə bilər.

Monte Alban

Monte Alban Oaxaka mədəniyyətini əks etdirən ən mühüm arxeoloji zonadır. Ərazi Zapotek dövlətinin 13 əsrdən çox müddət ərzində Oaxaka vadisinin əhalisi üzərində apardığı dini, siyasi və iqtisadi nəzarətə görə unikal əhəmiyyətə malikdir. Monte Alban 1987-ci il dekabrın 11-də Oaxaka şəhəri ilə birlikdə UNESCO-nun Bəşəriyyətin Mədəni İrsi Siyahısına daxil edilib. Onun ən diqqətçəkən və mühüm konstruksiyaları arasında əsas mərasimin aparıldığı Qran Plaza, üzərində qədim mətnlər olan Stella, təyinatı aydın olmayan El Palasio, kahinlər üçün qonaq evi və məzarlıqların adlarını çəkmək olar.

Meksikanın bu qədim, cazibəli yerləri özünün sehri, qeyri-adi əlamətlərilə səyahəti sevənlər üçün zəngin təəssüratlar yaradacaq əsl istirahət məkanlarıdır...

Mənbə: AZƏRTAC

OXŞAR XƏBƏRLƏR