Dünən Novosibirsk-Lənkəran marşrutu ilə gerçəkləşməli olan aviareys təxirə salınıb. Lənkəran Beynəlxalq Hava Limanından verilən məlumata görə, təyyarə 10:20-də Lənkəran Hava Limanında enməli və təxminən 12:20-də yenidən əks istiqamətdə havaya qalxmalı idi.
"Bu gün səhər saatlarında qarşı tərəfin verdiyi məlumata görə, reys reallaşdırılmayacaq. Bu, şirkətin Lənkərana ikinci reysi olmalı idi", - deyə hava limanından bildirilib.
Təxirəsalmanın səbəbi haqqında konkret məlumat verilməsə də, aeroportdan bildirilib ki, sərnişin azlığı uçuşun təxirə salınmasına səbəb ola bilər: "Buradan bilet alan sərnişinlərin isə biletləri növbəti reys üçün keçərli olacaq".
Qeyd edək ki, aviareysi “Anqara” aviaşirkəti həyata keçirir. Ötən həftə artıq bir reys reallaşıb. Biletin qiyməti 275 manatdır, reys "An-148" təyyarəsi ilə həyata keçirilir.
Qeyd edək ki, Rusiyanın Surqut şəhərindən Lənkərana açılması planlaşdırılan aviareys təxirə salınıb.
Uçuş rəsmən açıqlanmayan səbəbə görə qarşı tərəf - "UTair" aviaşirkəti tərəfindən təxirə salınıb. Reysin nə zaman açılacağı da bildirilmir.
Qeyd edək ki, Rusiyanın "UTair" aviaşirkəti bu reysi "Boeing 737" təyyarəsi ilə həyata keçirmək niyyətindədir.
Mənbə: Report