Azərbaycanlı turistlər Gürcüstanın hava limanlarına yönəldilir

Xəbərlər 30 Iyun 2015 00:00 2011
Azərbaycanlı turistlər Gürcüstanın hava limanlarına yönəldilir

İstirahət mövsümü başlayıb. Turizm şirkətləri xaricə istirahət turları təklif etməkdə aktivləşiblər. Tur paketlərinin qiymətləri ölkədən, oteldən, qalma müddətindən və s. asılı olaraq müxtəlifdir.  Seyyah.az “Marja”ya istinadən xəbər verir ki, bu il diqqəti cəlb edən tur paketlərə daxil olan aviabiletlərin Tiflis aeroportuna aid olmasıdır.

Məsələn, Türkiyənin Kuşadasında 520 manata  7 gecə / 7 gün istirahət təklif olunur. Qiymətə daxil olan aviabilet Tbilisi-Izmir-Tbilisi reysi üzrə təqdim olunur.

Bir başqa turizm şirkəti Antaliyada 3 və 5 ulduzlu otellərdə 295-399 manata 7 gecə 8 gün istirahət təklif edir. Bu turlarda da biletə Tbilisi-Antaliya-Tbilisi aviareysi üzrə avibilet daxildir.

Yunanıstan və Misirə də  təklif olunan turlara daxil olan aviabiletlər Tbilisi aeroportundan gediş-qayıdışı nəzərdə tutur.

Hətta, Gürcüstanın Kutaisi aeroportundan gedib-qayıtmaqla Macarıstana turlar təklif olunur.  Əvvəllər Bakı-Budapeşt aviareysi üzrə uçuşlar həyata keçirmiş “Wizzair” şirkəti Kutaisi hava limanından azərbaycanlıları Budapeştə aparıb-gətirir.

Bir müddət əvvəl, gediş-qayıdış Tbilisi hava limanından olmaqla  3 gecə 4 günlük “İstanbul Shopping Festival”ı turu 320 manarta təklif olunmuşdu.

Demək olar ki, əsas turimz şirkətləri turlar üzrə gediş-qayıdışı Gürcüstanın hava limanları vasitəsilə təklif edirlər.

Turlara Gürcüstan vasitəsilə avibiletin daxil olması, “Azərbaycanda aeroport yoxdur? “Bakıdan İstanbula, Antaliyaya, İzmirə aviareyslər mövcud deyil?” suallarını doğurur.

Əlbətə Bakıdan yuxarıda adları çəkilən şəhərlərə aviareyslər mövcudur. Amma bahadır. Tur paketlərinin əhalinin cibinə uyğun olması üçün turizm şirkətləri gediş-qayıdışı Gürcüstanın hava limanları vasitəsilə təşkil edirlər.

“Biz həm Bakıdan, həm də Gürcustandan olan təkliflərin qiymət fərqini nəzərə alaraq  təqdim edirik. Seçim müştərinindir”,- Holidays turizm agentliyindən bildirdilər.

Müqayisə üçün qeyd edək ki, hazırda Azərbaycan Hava Yolları (AZAL) aksiya keçirir. Aksiyanın şərtlərinə görə, Bakı-İstanbul-Bakı biletini 246 ABŞ dollarına əldə etmək olar. Tbilisi-İstanbul-Tbilisi aviareysi üzrə bietlər isə 104 dollara təklif olunur. Elə bu fərqə görə də, Azərbaycanın turizm şirkətləri  və agentlikləri Gürcüstandan olan təkliflərə üstünlük verirlər.

Əlbəttə, Azərbaycanın öz hava limanları olduğu halda tur apketləri üzrə gediş-qayıdışın Gürcüstanın hava limanları vasitəsilə təklif olunması yaxşı hal deyil. Ümid edirik ki, tezliklə Azərbaycan vətəndaşları vaxt itirmədən və əziyyət çəkmədən öz hava limanlarımızdan istirahətə yollanacaqlar.

OXŞAR XƏBƏRLƏR