“Azərbaycan Hava Yolları” (AZAL) bu gündən bir sıra reyslərdə sərnişinlər üçün yeni elit xidmət sinfi - “biznes-lüks” tətbiq edəcək. AZAL-ın mətbuat xidmətindən Seyyah.az-a verilən məlumata görə, “Biznes-lüks” sinfi aviasiya xidməti sahəsində müasir texnologiyalar və nailiyyətlərin istifadəsi nəticəsində təyyarələrin bortunda daha yüksək xidmət standartlarını nəzərdə tutur. Yeni xidmət sinfini seçən sərnişinlər ənənəvi “biznes-klass” xidmətləri ilə yanaşı, aşağıdakı üstünlüklərdən yararlanacaqlar:
- əsas yemək, sərinləşdirici və spirtli içkilərin geniş seçim menyusu;
- xüsusi səyahət dəstləri;
- uzun məsafəli uçuşlarda pijama;
- uşaqlar üçün hədiyyələr və s.
İlk olaraq yeni xidmət sinfi ilə AZAL-ın Nyu-York, London və Pekinə uçuşlar həyata keçirən "Airbus 340" və "Boeing 787 Dreamliner" flaqman təyyarələrinin sərnişinləri tanış olacaqlar.
AZAL böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 istiqamətdən ibarətdir. 2014-cü ildə “Azərbaycan Hava Yolları” 1 milyon 800 mindən çox sərnişin daşıyıb.
AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. AZAL-ın qərargahı Bakı şəhərində, beynəlxalq standartlara cavab verən Heydər Əliyev Beynəlxalq Hava Limanında (hava limanı 2014-cü ilin dekabrında "4 Ulduz" reytinqinə layiq görülüb) yerləşir. Heydər Əliyev Beynəlxalq Hava Limanı əlverişli coğrafi mövqeyinə görə Şərq və Qərb, Şimal və Cənub arasında tranzit uçuşlar baxımından regionda birinci yer tutur.