Türkiyəyə və Ukraynaya mövsümi uçuşlar olacaq-Bakıdan

Xəbərlər 14 Fevral 2014 00:00 1452
Türkiyəyə və Ukraynaya mövsümi uçuşlar olacaq-Bakıdan

Hər il olduğu kimi, bu il də Azərbaycanın turizm şirkətlərinin iştirakı ilə Bakıdan Türkiyənin Antalya, Bodrum, İzmir, Dalaman kimi istirahət bölgələrinə mövsümi uçuşlar təşkil olunacaq. Bu barədə Bakupost.az-a “SW Travel” şirkətinin direktoru Şirzad Əfəndiyev məlumat verib. Onun sözlərinə görə, bu aviareyslər “Azərbaycan Hava Yolları” (AZAL) və “Türk Hava Yolları” aviaşirkətləri ilə əməkdaşlıq çərçivəsində, may ayından başlayaraq oktyabra qədər həyata keçiriləcək.

Antalya və Bodruma uçuşların iyun-sentyabr aylarında hər gün, İzmirə həftənin çərşənbə axşamı və cümə günləri, Dalamana isə cümə axşamı və bazar günləri yerinə yetirilməsi nəzərdə tutulub.

Bundan başqa, turizm mövsümündə ölkənin milli aviadaşıyıcısı – AZAL-la əməkdaşlıq çərçivəsində, Ukraynanın Lvov şəhərinə uçuşların davam etdirilməsi və Simferopol şəhərinə isə mövsümi uçuşların bərpa olunması planlaşdırılır. Lvov istiqamətində aviareyslərin həftənin cümə axşamı və bazar günləri, Simferopol istiqamətində isə bazar ertəsi və cümə günləri təşkil olunması nəzərdə tutulub.

Ümumiyyətlə isə, həm Türkiyəyə, həm də Ukraynaya aviareyslərin turistik xarakter daşıdığı nəzərə alınaraq turistlər üçün maksimum komfortlu səhər uçuşları nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR