“Grazie, San Marino!” – Reportaj

Xəbərlər 12 Sentyabr 2016 00:00 1030
“Grazie, San Marino!” – Reportaj

Millimiz səfərdə San Marinoya qalib gəldi. Təbii ki, bu tarixin canlı şahidi olmaq hər kəsə qismət olmur. Kiçik ölkənin çox da böyük olmayan yığmasına qarşı oyunu izləmək ən azı, tarixin səhifəsinin bir küncünə kiçik hərflərlə qeyd olunmaq deməkdir…

Sentyabrın 2-si günorta saatlarında futbolçuları, AFFA rəsmilərini, jurnalistləri, azarkeşləri və həvəskar futbolçuların “MFL San Marino Kuboku”nun qalibi olan “Yuventus Baku”nun heyətini daşıyan AZAL-a məxsus təyyarə çarter reysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanından İtaliyanın Rimini şəhərinə yollandı. San Marinonun ərazisinin 60 kv.km olduğunu nəzərə alsaq, bu ölkədə hava limanının olmamasını da normal qarşılamaq olar. Təxminən 4 saatlıq uçuşdan sonra təyyarə Federiko Fellini adına Rimini şəhər Hava Limanına endi. Kiçik şəhərin kiçik hava limanında millini qarşılayan da vardı. Tələbə gənc Azərbaycan bayrağı ilə qonaqları qarşılamağa gəlmişdi.

Artıq istirahətə çəkilmək vaxtı idi, təyyarədən enən hər kəs onlara ayrılmış avtobuslara minərək yerləşəcəyi otelə yollandı…

14a8600f-6760-48ee-9ea4-3ff12d215521

Kiçik məkanda fərqli qida

İstəsən də San Marinoda 5 ulduzlu otel tapmaq mümkün deyil. Ümumiyyətlə, şəhərə gələn qonaqlar Bakıdakı kiçik otellər kimi olan məkanlarda qalmağa məcbur idi. Yerləşdiyimiz otel də paytaxtın 5 ulduzlu otelləri kimi deyildi. San Marinoda ilk qidalanma şam yeməyinə təsadüf etmişdi. Oraya getdiyində qidalanma ilə bağlı hər hansı bir “kapriz”in varsa, o zaman sadəcə, içki və çörəklə kifayətlənməli olacaqsan. Çünki bu ölkənin mətbəxi hər kəsin ürəyincə olmaya bilər. Şəhərin maraqlı yönlərindən biri də polislərin gözə görünməməsi idi. Neçə gün ərzində şəhərdə demək olar ki, bir nəfər də olsun, polis görmədim. Bahalı şəhərin təmiz və sakit küçələri, arabir şütüyən avtomobillər, bir neçə metrlik hasarı olmayan evlər və istənilən nöqtəsindən baxdıqda gözünə “sataşan” San Marino qalası bir anlıq insan ruhuna istirahət verirdi…

Respublika günü və “Lamborghini” şou

Fikrimcə, hər kəsdə belə bəxt olmur. 100 ildə bir dəfə San Marinoya səfər edəsən və həmin ərəfədə də ölkə Respublika gününü qeyd edə… Sentyabrın 3-də əhali, rəsmilər, bir sözlə, hər kəs San Marinonun “İçəri Şəhər”i olan, qala adlanan yerə yığılmışdı. Bu məkana ayaqla və ya avtomobillə çıxmaq mümkünsüz olmasa da, əksəriyyət kanatlara üstünlük verirdi. Hər halda 4.50 avroya cəmi 15-20 saniyəyə kanatla dağın zirvəsinə qalxmaq, üstəlik, şəhərin ümumi mənzərəsini görmək daha doğru seçimdir. Belə demək mümkünsə, San Marinonun ən mərkəzi yeri də elə həmin dağın zirvəsidir. Bu zirvədə ölkənin tarixi üçün önəmli insanların heykəlləri qonaqların diqqətini cəlb edir.

Heç də ucuz olmayan mağazalar, restoranlar turistlərlə dolub daşırdı. Səhər saatlarında hər kəs bu meydanda idi və hərbçilərin təntənəli keçidi başlamışdı. Yerli əhali Respublika gününü qeyd edirdi. Qısamüddətli paraddan sonra rəsmi tədbir başa çatdı və həyat yenə də öz axarı ilə davam etdi. Ancaq günorta saatlarında görmədiyim bir halla rastlaşdım. Həmin məkanda onlarla “Lamborghini” avtomobili… Hər kəs bu avtomobillərlər şəkil çəkdirir (elə mən də – R.Ə.) və həsədlə izləyirdi. Bir neçə dəqiqəlik sükutu ikiqapılı avtomobillərdən çıxan xorultu səsləri əvəzlədi. Artıq “Lamborghini”lər də ərazini tək edirdi. “Avtomobil yürüşü” əraziyə toplaşanların daha çox marağına səbəb olmuşdu.

7456b3ea-0ff2-48b3-9c0b-07a59ed109fb

Taksisiz küçələr və özünəməxsus istirahət

Hər kəsin bir nəqliyyat vasitəsi var – avtomobil, motosikl və ya velosiped. Əhalinin qəribə xüsusiyyətlərindən biri də yol kənarındakı piyadalara maşın saxlamamasıdır. Məsələn, piyada gedirsən və hansısa avtomobilə avtostop üçün əl uzadırsansa, elə ilk cəhddən uğursuzluğa düçar olursan. İlk baxışdan elə təəssürat yaranır ki, bu insanlar pul qazanmaq istəmir. Şəhərdəki kiçik gəzinti (təxminən 5 km) zamanı bir dənə də olsun, taksi gözə dəymir. Taksi sifariş vermək üçün mütləq zəng etməlisən. Xidmət haqqı baha olsa da (Təxminən 1 km məsafəyə 15 avro) insana zövq verən amillər var. Məsələn, 130 min manatlıq avtomobil sənə taksi xidməti göstərir. Bu xalq istirahət etməyi çox sevir. Həftəiçi iş-gücündə olan camaat bazar günü saat 15:00-a qədər çölə ayaq basmır. Bu, o deməkdir ki, əgər bu saata qədər nəsə lazım olsa və əvvəlcədən tədarük görməsən, gözləməli olacaqsan. Şəhərdə mağaza, market, paltar dükanları, restoranlar, bir sözlə heç bir iaşə obyekti günortaya qədər fəaliyyət göstərmir.

37742182-3844-4a4a-a8d0-01462b801ca7

Ölkədə futbolsuzluq hökm sürür

Diqqət çəkən məqamlardan biri də ölkədə futbola marağın yox dərəcəsində olmasıdır. Bir neçə sakinlə söhbət zamanı məlum oldu ki, demə, əksəriyyətinin heç futbol matçı olacağından xəbəri yoxmuş. Şəhərdə yalnız bir yerdə San Marino – Azərbaycan görüşünün afişası gözə dəydi. Bir anlıq təsəvvür edin: Bakıda hansısa magistral yolun kənarında oyunun bir neçə afişası vurulub, vəssalam! Həmin ərazidə də piyada deyil, avtomobillər şütüyür. Ölkə əhalisinin futbola marağının olmadığını oyun zamanı tribunaların boş qalması da sübut edirdi. 6 mindən artıq tamaşaçı tutumu olan Olimpiya Stadionunda cəmi 886 bilet satılmışdı. Onun da demək olar ki, yarısını azərbaycanlı azarkeşlər almışdı…

037b1870-fee9-4a66-8bfe-ab2f481cf52d

“Grazia”, San Marino!

Artıq matç başa çatıb və biz qələbə əhval-ruhiyyəsi ilə vətənə qayıdırıq. Stadiondan media nümayəndələri üçün ayrılmış avtobus və təxminən yarım saatlıq yoldan sonra Rimini şəhər aeroportu.. AZAL-ın təyyarəsi və yenə Bakı…

Təbii ki, bir neçə günlük də olsa, San Marino kimi məkanı görmək insanda xoş hisslər yaradır. Yuxarıda qeyd etdiyim kimi, ən azı bu da tarixin səhifəsinin bir küncünə kiçik hərflərlə qeyd olundu.

San Marinodan mənə qalan isə xoş xatirələr və soyuducunun üzərinə vurduğum şəhərin panoramasını əks etdirən bir maqnit.. “Grazia, San Marino!”

Bakı – Rimini – San Marino – Rimini – Bakı

Eləcə də bax: Спокойная жизнь в Канаде - ЛИЧНЫЙ ОПЫТ

Mənbə: Report.az

OXŞAR XƏBƏRLƏR