Tiflisə sərbəst səyahət - QİYMƏTLƏR, GƏZMƏLİ YERLƏR

Xəbərlər 24 Iyun 2017 00:00 10612
Tiflisə sərbəst səyahət - QİYMƏTLƏR, GƏZMƏLİ YERLƏR

Dağlar, qara dəniz çimərliyi, xizəklə əyləncə, kabablar və dünyaca məşhur şərabın dadına harada baxmaq olar? Əlbəttəki Gürcüstanın paytaxtı Tiflisdə.

Gürcüstan – Qafqazda yerləşən, qərb hissəsi Qara dəniz sahilləri ilə yuyulan unikal ölkədir. Təbiət Gürcüstanda il boyu dincəlmək üçün bütün imkanlar yaradıb.

Sahildə hər zaman isti, dağları izə ucun müddət qarla örtülü olur. Bundan başqa Gürcüstanda kifayət qədər tarixi və mədəni obyektlər mövcuddur ki, bütün bunlar da vaxtınızın və səyahətinizin maraqlı keçməsinə şərait yaradır. Gürcüstana səyahət, demək olar ki, hər kəs üçün maddi olaraq uyğundur.

Gürcüstanın paytaxtı, min ildən artıq tarixi olan Tiflis şəhəridir. Şəhərdə qədim kilsələrdən əlavə məscidlər, sinaqoqlar və xristian dininin müxtəlif məzhəblərinə mənsub dini ibadət yerlərinə rast gəlmək mümkündür. Şəhərdə gəzinti zamanı açıq havada muzey, qədim qala divarları, Tiflisdə unudulmaz zaman keçirəcəyinizə əminlik yaradacaq.

 

Tiflisə necə getmək olar?

 

Biz sizə Bakıdan Tiflisə necə getməyin yollarını izah edəcəyik. İlk olaraq qeyd edək ki, Azərbaycandan Gürcüstana getmək üçün viza tələb olunmur.

Azərbaycandan Gürcüstana getmək üçün ən populyar yollardan biri fərdi taksi xidmətidir. 10-20 manata sizi Bakıdan Gürcüstan sərhədinə qədər apara bilərlər. Köhnə avtomobillərdə səyahəti rahatlıq və təhlükəsizliyinizi düşünərək uyğun görmədiyimiz üçün bu variantı tövsiyə etmirik.

Nisbətən yaxşı variant Bakıdan Tiflisə avtobusla getməkdir. Biletin qiyməti 12-13 manat olmaqla Bakı Avtovağzalından Tiflisə təqribən 9-10 saata çatmaq olar. Avtobuslar hər gün Bakı vaxtilə saat 21-də, 23-də və 00.45-də çıxırlar. Bu üsul Tiflisə getmək üçün ən etibarlı və ucuz variantlardan biridir.

Tiflisə getməyin ikinci yolu isə qatarladır. Bakıdan Tiflisə qatar hər gün saat 21.10-da yola düçşüb, Tiflisə yerli vaxtla 10.25-də çatır. Qiymət isə 30-35 manat ətrafındadır.

Eləcə də bax: 118 manata Londona necə getdim? - ƏN SƏRFƏLİ VARİANT

Bakıdan Tblisiyə getməyin ən sürətli və eyni zamanda ən bahalı yolu təyyarə ilə getməkdir. Hazırda bu istiqamətdə bir neçə şirkət uçur - Azərbaycan Hava yolları, Qatar AirWays və Türk hava yolları (birbaşa deyil). Amma qiymətlər heç aşağı deyil. Bu məqalənin hazırlandığı gün, yəni iyunun 24-də biz Bakıdan Tiflisə təyyarə ilə gedib-qayıtmağın qiymətini öyrəndik. İyunun 26-da getmək və 27-də qayıtmaq şərtilə AZALla uçuş 481 dollara, Türk Hava Yolları ilə uçuş 481 dollara, Qatar AirWaysla uçuş 475 dollara başa gələcək. Ola bilsin ki, qiymətlərin belə yüksək olması biletin uçuşa 2 gün qalmış axtarılması ilə əlaqədardır və çox güman ki, daha əvvəl aldıqda biletlər ucuz olacaq. Amma istənilən halda Tiflisə təyyarə ilə getmək digər variantlardan təqribən 10 dəfə bahadır.

 

Tbilisidə harada qalmaq olar?

 

Gediş yolunu seçdikdən sonra qalma yerini təyin etmək lazımdır. Gürcüstanda turizm günü-gündən inkişaf etməkdədir. Paytaxatdan əlavə ölkənin bölgələrində də turistlər üçün otel və motellər fəaliyyət göstərir.

Tiflisdə müxtəlif qiymətə yaşayış yeri tapmaq mümkündür. Otellərin qiymətləri yerləşdiyi ərazi və ulduz sayına əsasən dəyişir. Ən bahalı otellər mərkəzə yaxın ərazi olan Azadlıq meydanı və Opera Teatrının yaxınlığında yerləşir.

Beş ulduzlu oteldə gecələmək 295 lari (210 manat) , hosteldə isə gecələmək 25-37 lari (18-26 manat) arası dəyişməkdədir. 

Əgər Tiflisin mərkəzində yaşamaq istəyirsinizsə o zaman paytaxtın ən qədim rayonlarından olan Metexidəki mehmanxanalardan birini seçə bilərsiniz.

Öncədən ən uyğun qiymətə otel bron etmək üçün aybilet.az saytının təqdim etdiyi xidmətdən istifadə edib, qiymətləri müqayisə etməklə büdcənizə ən uyğun variantı seçmək olar. 

 

Tbilisidə nə yeməli?

 

Səyahətimizin növbəti planlaması isə yemək olacaq. Gürcüstan mətbəxi unikallığı ilə dünyada məşhurdur. Gürcü yeməkləri, dağları qədər əzəmətli, Qara dənizi qədər gözəl və kilsələri qədər rəngarəngdir. Saçvili, Xarço, çaxoxbili, Gürcü xəngəli, libio, xaçapuri, kozinaki kimi yeməklərin dadını unutmaq mümkün deyil.

Tbilisidə ilk yeyiləcək yemək, gürcü xəngəlidir. Gürcülər bu yeməyə xüsusi önəm verirlər. Yeməyin dadına baxmaq üçün heç də bahalı restorana getməyə gərək yoxdur. Şəhərdə istənilən yeraltı kafeyə ensəniz bu dadlı yeməklə tanış olunacaqsınız.
Klassik dəstdə qozlu badımcan, xəngəllər, xaçapuri və pivə (şərab xəngəllə içilmir) təklif edilir.

Eləcə də bax: Avropada istirahət üçün ən ucuz 18 yer – ŞƏHƏRLƏR, QİYMƏTLƏR

Limonad sevənlər, təbii meyvə və tərxun şirəli Lagidze suyunu çox sevəcəklər. Təbii ki, Gürcüstanın məşhur Borjomi, Nabeqlavi mineral suyunun da dadına mütləq baxmalıdır.
Tbilisiyə gedib, Gürcüstanın milli şiriniyyatı olan qozlu çurçxelini də dadmamaq olmaz.

 

Tbilisidə haraları gəzməli?

 

Gəlmə, qalma yeri və yemək məsələsini həll etdikdən sonra gəzmək üçün marşurutu təyin etmək olar. Məbədlər, kilsələr, qalalar, şah sarayı, monastr və milli parkı mütləq görmək lazımdır. Sizə, Tiflisdə mütləq səyahət etməli olduğunuz 10 yerin siyahısını təqdim edirik:

 

Köhnə şəhər

 

Tiflisi gəzməyə köhnə şəhərdən başlamaq lazımdır. Piyada gəzəcəyiniz bu məkanda qədim kilsələr, tarixi arxitekturalı binaları görmədən Tiflisə səyahət sayılmır. Hər qədim binanın öz unikal tarixçəsi var və demək olar ki, bütün binalar tarixi mədəni obyekt sayılır. Köhnə şəhəri günlərlə və hətta saatlarla gəzmək olar.

 

Narikala qalası

 

Köhnə şəhərin ən görməli yerlərindən biri Mtatsminda dağının zirvəsində yerləşən Narikala qalası yerləşir. Bu qala həqiqətən şəhərin özülü hesab olunur. Təxminən 4 əsr yaşı olduğu güman edilir. Mtatsminda dağının zirvəsi Narikaladan şəhərin görüntüsü insana heyrətamiz hisslər bəxş edir.

 

Botanika bağı

 

Paytaxtın mərkəzində gözəlliyi sözlə ifadə olunmayan botanika bağı yer alır. Qədim dövrlərdə bura Şah bağı sayılırdı. Daha sonra bura Dendrari oldu. Parkın tarixi 1845-ci ilə qədər uzanır. Əminliklə buranı postsovet məkanının ən qədim parklarından biri adlandırmaq olar. Parkda 3500-dən artıq bitki mövcuddur. Ümumi sahəsi 128 hektar olan parkda, yerli və xarici flora geniş əks olunub, şəlalələr var. Bura piyada gəzmək və velosiped sürmək üçün ideal yerlərdəndir.

 

Kükürdlü hamam

 

Narikalanın aşağı hissəsində Abantubani rayonunda məşhur Tiflis hamamı yerləşir. Puşkin heyrətlə “Tbilisidəkidəki dəbdəbəli hamamı heç yerdə görmədim” deyib. Qədim hamam kifayət qədər geniş ərazidə yerləşir. Hamama yaxınlaşmadan xarab yumurta qoxusunu hiss etmək olar. Burada sağlamlıq  və istirahət üçün bütün imkanlar səfərbər olunmuşdur. Yuyunma zalı, sauna, isti su hovuzu, müalicəvi massaj və həkimlər mövcuddur. Qiymətlər də çox baha deyil. Xidmətdən asılı olaraq 1,5-10 dollar arası dəyişir.

 

Eləcə də bax: Səyahət etmək üçün ən ucuz ölkələr – GECƏSİ 3 AVRO

 

Kanat yolu

 

Şəhəri tam görmək üçün Mtatsminda (onu “müqəddəs David” dağı da adlandırırlar) dağına qalxmaq lazımdır. Köhnə şəhəri yuxarıdan seyr etməklə uzun müddət yaddaşlarınızda həkk olunacaq təəssürat əldə edəcəksiniz. Kanatdan istifadə etmək qiyməti simvolikdir - cəmi 1 lari.

 

Dünya körpüsü

 

Dünya körpüsü adlandırılan bu körpü Tiflisin ən müasir memarlıq nümunəsidir. Körpü 2010-cu ildə tikilib. Burdan baxdıqda şəhərin qədimliyi ilə yanaşı, müasirliyinin də şahidi olmaq olar. Körpünün uzunluğu 156 m, eni isə 5 m təşkil edir. Eyni zamanda bu körpü, köhnə şəhərlə yeni müasir rayonların arasında sözün əsl mənasında körpü rolunu oynayır. 

 

Cavari monastırı

 

Cavari — gürcü monastırıdır və Mtshetanın yaxınlığında yerləşən VII əsrin məbədidir. Cavari — arxitektura formalarının mükəmməlliyinə görə arxitekturanın şah əsərlərindən bir hesab olunur.

 

Metexi rayonu

 

Mütləq baş çəkməli olduğunuz yerlərdən biri də Metexi rayonudur. Gürcüstan ərazisində ən köhnə qəsəbələrdən biri, çar iqamətgahı və Tbilisinin ən mənzərəli yerlərindən biridir.

 

Rustaveli prospekti

Hər iki tərəfi çinar ağacları ilə əhatə olunmuş və şəhərin arteriyası Rustaveli prospekti hesab edilir. Turistlər burada – muzeylər, restoranlar, dəbli butik və hədiyyə mağazalarına rast gələ bilərlər. Prospektdə ən qədim bina — Renessans dövrü sarayı tərzində tərtib edilmiş və təmtəraqlı bağla əhatə olumuş Vorontsov sarayıdır. Burada Parlament, Milli muzey və Dövlət Akademik Teatrı da yerləşir. Prospekt Şota Rustavelinin abidəsindən başlayıb, Azadlıq prospektində bitir. Ağaclarla əhatə olunmuş prospekt Avropa prospektlərindən geri qalmır. 

 

Tısbağa gölü

 

Tısbağa gölü Tiflis şəhərinin Vake-Saburtalosu ərazisində yerləşir. Vaxtı ilə burada çoxlu tısbağa yaşadığı üçün göl məhz bu cür adlandırılıb. Mülayim havalarda bura həm şəhər sakinlərinin, həm də bu şəhərin qonaqlarının toplaşdığı və dincəldiyi məkandır. Hər tərəfdən sıx meşəylə mühasirəyə alınmış göl, Varazisxevinin dağlıq çayının sularından qidalanır. Burada kafe, uşaqlar üçün oyun zonaları, idman meydançaları və s. var. Tısbağa gölündə həmçinin katamaranda gəzmək və çimmək də olar.

 

Xülasə

Gürcüstanın füsunkarlığı haqqında çox danışmaq olar. Bir səfərlə bu ölkəni tanımaq mümkün olmayacaq. Amma bu tanışlıq qəlbinizdə ağlasığmaz iz buraxacaq və bu hər dəfə sizi geri qayıtmağa cəlb edəcək. Yalnız bu qədim və səmimi diyarın yeni cəhətlərini bir neçə səfərlə aşkar etmək olar.

Çoxsaylı elmi tədqiqatlar göstərir ki, müntəzəm xarici səyahətlər bizim sağlamlığımıza müsbət təsir göstərir. Başqa ölkələrə səfərlər isə alışdığımız əhatədən kənara çıxmaq, əsl macəra yaşamaq imkanı yaradır, enerji verir, insanın dünyagörüşünü genişləndirir, parlaq və unudulmaz təəssüratlar bəxş edir. Əgər siz səyahətə hazırlaşırsınızsa, müsbət emosiyalar duymaq, təbiətin gözəlliyindən zövq almaq, gürcü yeməklərinin təkrarolunmaz ləzzətini dadmaq, qədim görməli yelərlə tanış olmaq, milli koloritə toxunmaq istəyirsinizsə, o zaman mütləq Tiflisə səyahət edin!

Gürcüstanda istirahət, gözəl təbiəti, səmanın parlaq rəngləri, Qara dənizin təmiz və isti suyu Avropa səviyyəsində olan keyfiyyətli xidməti ilə yaddaşlarda qalacaq. İnsanı heyrətə salan Qafqaz təbiətinin gözəlliyi, dağ və dəniz mühitini, özünəməxsus mədəniyyəti, qədim abidələri – bütün bunların cəmləşməsi, Gürcüstanı nadir və ekzotik, turizmin inkişafı üçün ən perspektivli regionlardan biri edir.

Şəhərdən gedərkən, burada istehsal olunan, milli xarakter və yerli koloriti əks etdirən suvenirləri almağı unutmayın. Tiflisidən xeyli maraqlı əşyalar – qədim milli geyimlərdən, xəncərlərə qədər hər şey gətirmək olar. Belə suvenirləri Quru körpü yaxınlığındaki şənbə birə bazarından əldə edə bilərsiniz.

Sonda qeyd edək ki, əgər siz müstəqil səyahət planlaşdırmısınızsa və haradan başlayacağınızı bilmirsinizsə, o zaman aybilet.az,  sizə ucuz qiymətlərlə aviabilet və ən yaxşı otelləri seçməyə yardım edəcək. Bu meta axtarış sistemi 728-ci aviaşirkət, 40 agentlik və 5 bronlama sistemin məlumatlarını sizə təqdim edir.

Mənbə: aybilet.az

 

OXŞAR XƏBƏRLƏR