Tanımadığımız ərəb əmirliyi - NAMƏLUM SARÇƏ

Xəbərlər 27 Iyun 2017 00:00 998
Tanımadığımız ərəb əmirliyi - NAMƏLUM SARÇƏ

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tən ortasında yerləşən Şarcə yeddi əmirlikdən yeganəsidir ki, yerdə qalan hamısı ilə həmsərhəddir. Şarcə özünü İslam mədəniyyətinin mərkəzi və BƏƏ ənənəvi dəyərlərinin istinadgahı kimi göstərir. Bu gözəl əmirliyə gələn hər kəsi nadir mədəni və tarixi abidələrin çoxluğu valeh edir. Əyləncə həvəskarlarını isə akvaparklar, akvarium, “şeytan təkəri”, safari və vaxt keçirməyin digər maraqlı variantları gözləyir.

Bir sözlə, turistlər arasında populyarlığa görə qonşu əmirliklərə çatmaq üçün Şarcədə bütün imkanlar var. Biz burada bir neçə unudulmaz gün keçirərək buna şəxsən əmin olduq.

Zəfəranlı qəhvə və Ərəbistan parovozları

BƏƏ-yə səfər azərbaycanlı turistlər arasında ən populyar istirahət istiqamətlərindən biridir. Bu günə qədər Bakıdan yalnız Dubaya birbaşa reyslər olurdu. Budur, nəhayət, “Air Arabia” aviaşirkətinin səyləri nəticəsində Şarcə ilə birbaşa reys açılıb. Bakı-Şarcə-Bakı marşrutu üzrə uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun birinci terminalından həftədə dörd dəfə həyata keçirilir. Aviabiletlərin qiyməti hər iki tərəf üçün 300 manatdan başlayır – bu, müvafiq istiqamətdə bazarda olan ən münasib təklifdir. Özü də bu qiymətə 10 kiloqramadək əl yükü daxildir. Digər “low cost” şirkətləri kimi, “Air Arabia”nın da sərnişinləri əlavə yük və təyyarədə yemək üçün opsiya seçə bilərlər. Təxminən iki saat yarımdan sonra siz nağıla bənzər, cəzbedici və qonaqpərvər Şarcədəsiniz!

Bunu deməyə ehtiyac varmı ki, Şarcədə istənilən zövqə və pul kisəsinə uyğun “Sheraton” və “Radisson Blu” kimi beşulduzlu otellərdən tutmuş aeroportun yaxınlığında yerləşən “Centro by Rotana” kimi üçulduzlu, eləcə də ikiulduzlu otellər tapa bilərsiniz. Biz qızıl ortanı üstün tutduq və şəhərin mərkəzində elə “Golden Tulip” adlı dördulduzlu oteli seçdik. Mehmanxananın Korniş şəhərinin baş magistralı yaxınlığında körfəzin sahilində yerləşməsi bizə sərf edirdi və Şarcə ilə tanışlığa vaxt itirmədən başlamağa imkan verdi.

Bir qayda olaraq, turistlərin birinci işi tarixi rayona – Şarcənin Ürəyinə (Heart of Sharjah) getməkdir. Burada çoxsaylı tarixi tikili və məşhur görməli yerlər cəmləşib. Əmirliyin 16 möhtəşəm muzeyindən biri – Şarcə Mədəni İrsi Muzeyi məhz burada yerləşir. Muzeyin kolleksiyası yerli əhalinin ənənəvi həyat tərzi ilə tanış olmağa, məişət əşyalarını, milli geyimləri, musiqi alətlərini, bəzək, ədviyyat, xalçalar, qab-qacaq və regiona xas digər atributları görməyə imkan yaradır. Muzey XVIII əsrin sonuna aid, tanınmış mirvari tacirinə məxsus binada yerləşir. Evin memarlığı və mebel elementləri o dövrün həyat tərzini əks etdirir. Muzeyin çıxışında sizi burada hazırlanan, hil və zəfəran qatılmış yüngül və tonuslaşdırıcı ərəb qəhvəsinə qonaq edəcəklər.

 

Eləcə də bax: Dərvişlərin məskəni – TƏKKƏ

 

Elə buradaca – Şarcənin Ürəyində qədim “Al Arsa” bazarına getmək olar. Burada əntiq qab-qacaq, aksesuarlar, bəzəklər, silah və s. satılır. Ümumiyyətlə, Şarcədə çoxlu tarixi və müasir bazarlar var. Onların ən məşhurlarından biri Mərkəzi bazardır, səma rəngində kaşı pilətə ilə örtülmüş fasadına görə ona həm də mavi bazar deyirlər. Bazarın binası təbii ventilyasiya üçün parovozların tüstü borusunu xatırladan külək qülləsi ilə ənənəvi Ərəbistan üslubunda tikilib. Bu qülləyə görə bazarın bir adı da var – buraya gələn rusdillilər onu “parovozlar” adlandırır. Mərkəzi bazarın piştaxtaları xalçalar, zərgərlik məmulatı, ətriyyat, milli geyim, elektronika, sənət əşyaları ilə zəngindir. Əgər sizi ərzaq məhsulları maraqlandırırsa, yaxınlıqdakı Al Cubeyl bazarına gedin, orada balıq və meyvə bazarı yerləşir. Buraya gələnlər elə bazar binasının girişində böyük salona - ənənəvi balıq hərraclarının keçirildiyi yerə daxil olur. Balıqçıların hər gün buraya gətirdikləri təzə balıqlar işbazlar tərəfindən dərhal alınır, sonra restoranlara və supermarketlərə daşınır. Qonşu pavilyonda isə müxtəlif dəniz məhsullarını pərakəndə almaq mümkündür. Balıq pavilyonu ilə üzbəüzdə meyvə bazarı yerləşir. Burada bütün meyvələr, tərəvəzlər, ədviyyatlar satılır. Adi meyvələrlə yanaşı, kifayət qədər ekzotik meyvələr, o cümlədən manqo, quava, rambutan, liçi, cekfrut, manqostan satılır – daha nələr yoxdur!

İşıq, kəpənək və falafel adacığı

Xatırlatdığımız kimi, Şarcə BƏƏ-nin İslam mədəniyyətinin mərkəzi hesab edilir. İslam Sivilizasiyası Muzeyi təsadüfən burada yerləşmir. Hər şeylə maraqlanan turistlərin çoxu bu muzeyə baxmağa can atır. Onun unikal interaktiv ekspozisiyası qədim dövrdən indiyədək İslam sivilizasiyasının nailiyyətlərini əks etdirir. Muzeyin on dörd əsri əhatə edən kolleksiyasında 5 mindən çox əşya, o cümlədən qədim manuskriptlər, bəzək nümunələri və kostyumlar, mühüm icadlar, tibb alətləri var. Burada astronomik alət – Azərbaycanın Marağa rəsədxanasının mərkəzi qülləsindən XIII əsrə aid böyük sekstantın rekonstruksiyası təqdim edilib.

İslam mədəniyyəti ilə tanışlığı Al-Nur məscidində (ərəb dilindən tərcümədə “işıq” deməkdir) davam etdirmək olar. Bu, Şarcədə qeyri-müsəlmanların ekskursiya etdiyi yeganə məsciddir. Dümağ məscid minarələrdə və nəhəng qübbədə də əksini tapan osmanlı üslubunda tikilib. Ekskursiya vaxtı turistlər İslam dininin əsasları haqqında məlumat əldə edir, habelə ərəb ölkələrinin kişi və qadın ənənəvi geyimini əyinlərinə taxıb baxa bilərlər. Din və mədəniyyət məsələlərində maarifləndirmə müxtəlif ölkələrdən gəlmiş adamlara yerli ənənələri daha yaxşı anlamağa, dünyagörüşünü artırmağa və tolerantlıq nümayiş etdirməyə kömək göstərir.

Məscidin yaxınlığındakı Al-Nur adası ailəvi istirahət üçün əla yerdir. Sahillə yaraşıqlı körpü vasitəsilə birləşmiş adada landşaft dizaynı ilə seçilən dəbdəbəli park salınıb. Adaya giriş pulludur. Buraya gələnləri müxtəlif art-obyektlərin – orijinal skamyalar, fəvvarələr və heykəllərin bir-birini əvəzlədiyi sıx yaşıllıq, habelə alman dizayn bürosu tərəfindən layihələndirilmiş effektiv insektarium gözləyir. Orada ekzotik bitkilərin arasında müxtəlif kəpənəklər – Şərqi Asiya ölkələrindən gətirilmiş 500 növ kəpənək uçuşur.

Təbiətin daha bir xəzinəsi ilə tanışlığın yolu lacivərd dənizin sahilində yerləşən Şarcə akvariumundan keçir. Sualtı aləmin bu guşəsində dəniz faunasının region üçün səciyyəvi olan 250-dən çox növü təqdim edilir. Burada yüzlərlə köpək balığı, skat, dəniz tısbağası, dəniz ulduzları, dəniz atları, saysız-hesabsız parıltılı tropik balıqları – mərcan riflərinin sakinləri saxlanılır.

Şarcə təkcə mədəniyyət və maarifləndirmə mərkəzi deyil, həm də Yaxın Şərq mətbəxindən zövq almaq üçün gözəl yerdir. Bütün səfərboyu burada sizi orijinal yeməklər gözləyir. İstər oteldə səhər yeməyi, istərsə də restoranda şam yeməyi vaxtı onlardan dadmağına dəyər. Yerli yeməklərin çoxunda paxla və noxuddan istifadə edilir – pörtlədilmiş paxla qatılmış sous, falafel (xırdalanmış paxlanın kürəcik şəklində qızardılması), xumus (ədviyyatlı üyüdülmüş noxud) və s. Ədviyyat vurulmuş düyüdən geniş istifadə edilir, o cümlədən məşhur kus-kus yeməyində. Şarcə – dənizkənarı regiondur. Burada istənilən yeməkxanada sizə ət və toyuqla yanaşı, dəniz məhsullarının geniş çeşidini – balıq, krevetka, xərçəng, kalmar təklif edə bilərlər. Ərəb çörəyi bizim lavaşı xatırladır, lakin ölçüsü ondan balaca və qalındır. Desert üçün yerli paxlavanı dadın, bu, Türkiyə və Azərbaycan paxlavası arasında orta bir şirniyyatdır. Əlbəttə ki, ekzotik meyvələri dadmaqdan imtina etməyin – onlar burada həmişə yetişmiş və şirəlidir və demək olar ki, hər addımda satılır!

Mənbə: Azertag.com

OXŞAR XƏBƏRLƏR