Dərvişlərin məskəni – TƏKKƏ

Xəbərlər 27 Iyun 2017 00:00 1500
Dərvişlərin məskəni – TƏKKƏ

Bosniya səyahətinin son dayanacağı Blaqay şəhəri oldu. Sarayevo və Mostardan sonra Bosniyada turistlərin ən çox ziyarət etdikləri yerlərdən biri Blaqaydır. Bu kiçik şəhəri bu qədər cazibədar edən  Neretva çayının əsas qolu Bunanın mənbəyinə islam təblığatçılarının qurduğu Təkkə, bosniya dilində desək Tekiyadır.

BİR AZ TƏKKƏ HAQDA

Təkkə təkcə Buna çayının deyil, İslamın da Bosniyadakı mənbəyidir. Məhz 1300-cü ildə buraya köçmüş dərvişlərin sayəsində Bosniyada islamın toxumları səpilib, illər sonra isə bu təbliğat öz bəhrəsini verməyə başlayıb. Təkkə bir neçə təriqətə mənsub olub. İlk başlarda Bektaşi, sonra Halveti, daha sonra isə Kaderilər olublar burada. Hal-hazırda isə Nəqşibəndi təkkəsi olaraq bilinir.

 

Eləcə də bax: Tanımadığımız ərəb əmirliyi - NAMƏLUM SARÇƏ

 

Təkkə haqqında ilk yazılı məlumata 1664-cü ildə buraya səyahət etmiş dövrünün məşhur səyyahı Evliya Çələbinin əsərlərində rast gəlinir. Osmanlı imperiyası dövründə İslamın Balkanlarda sürətlə yayılmasında Təkkə dərvişlərinin xüsusi rolu olub. Keçmiş Yuqoslaviya zamanı Təkkə bağlanıb. Bosniya müstəqillik qazandıqdan sonra isə yenidən ziyarətçilərə açılıb. Hal-hazırda turistlərin, xüsusilə də, türk ziyarətçilərin sevə-sevə baş çəkdikləri bölgədir Təkkə.

TƏKKƏYƏ NECƏ GETMƏLİ?

Mostardan cəmi 15-cə km uzaqlıqda yerləşən Təkkəyə getmək çox da çətin deyil. Elə buna görə də Mostara gəlib Təkkəni görməmək olmaz. Taksi və avtobus seçimlərini birlikdə nəzərdən keçirək. Taksiylə səfər bir balaca baha başa gələ bilər. Nəzərə alsaq ki, Təkkə kiçik yerdir və gəzmək, yemək, bazarlıq, az da dincəlmək üç saatdan artıq vaxt almaz, bu gedişin yenə taksi ilə dönüşü sərfəli olmaya bilər. Ancaq, rahatlıq bizim üçün önəmlidir deyirsinizsə, Bosniyanın  mojtaxi xidmətindən istifadə edə bilərsiniz. Xidmət tarifləri saytda göstərildiyinə görə xərcinizi də əvvəlcədən hesablamış olarsınız. Yox əgər limitli büdcə ilə gəzənlərdənsinizsə, onda 10, 11, 12 saylı avtobuslarla Mostardan Blaqaya rahat gedə bilərsiniz. Biz maşınla səyahət etdiyimizə görə bunlardan uzaq qaldıq, amma, Sizin üçün araşdıqdım

GƏLİB ÇATDIQ TƏKKƏYƏ

Maşını yaxınlıqdakı ödənişli parka yerləşdirib, qalan yolu piyada Təkkəyə yollandıq. Təkkəyə yaxınlaşdıqca Buna çayının səsi yola bələdçilik edirdi elə bil. Bunanın səsinə qulaq verə-verə yetışdik mənzil başına. Təkkəyə giriş ödənişlidir (2,5 bam) və elə qapıdaca bilet satılır. Qarşılanma isə bir neçə dildə  yazılıb: “Xoş gəlmisiniz”. Dillər arasında azərbaycanca olmasa da, türkcəni görmək sevindiricidir. Bu da bosniyalıların Türkiyəyə sevgisinin bir nümunəsidir. Qədim Osmanlı memarlıq üslubunda tikilmiş Təkkə azacıq Ohrid evlərini xatırladır.Binaya girişdəki mesaj isə bir az düşünməyə vadar edir insanı: “Biz canlı hər şeyi sudan yaratdıq”

Ayaqları çıxarıb içəri keçirik və dərvişlərin məskənindəyik. İçəridə isə dərvişlərin yaşayış tərzi, ibadət yerləri, hamam, hər şey xüsusi həssaslıqla qorunur.

Təkkənin eyvanından Bunaya açılan mənzərə gözlə görülməlidir. Buna çayının mənbəyində kiçik bir mağara da yerləşir. Mağaranı görmək istəyənlərə üçün qayıqlarla tur təşkil olunur. Bizim orda olduğumuz zaman boynubükük qayıqlar bir kənara çəkilib  ziyarətçiləri izləyirdilər. Təkkənin həyətində bir də çay evi var. Elə oradaca oturub çaydan içə-içə həm mənzərədən ləzzət alıb, həm də bacardığımız qədər şəkil çəkməyə çalışdıq.Təkkədə təkcə çayla kifayətlənmək olmaz, əlbəttə ki. Hər bir turistik yer kimi Bunanın hər iki  sahili restorançılar tərəfindən işğal olunub. Təbii ki, belə gözəl yeri gəlir mənbəyinə çevirməmək olmaz. Deyirlər: “su adamı acdırır” Bu sözün doğruluğu Təkkədə öz təsdiqini tapdı. Gəlmişkən təkkəli restorançılara bir xeyir verək dedik. Sahildəki restoranın birində oturub Bunadan tutulmuş təzə balıqların sınaqdan keçirib, qiymətini verib sizə də “mütləq dadmadan geri dönməyin” tövsiyəsini veririk. Balıq sevməyənlər üçün isə başqa ləzzətlər var bu məkanlarda, kabab kimi məsələn. 

Təkkə həm ruhun, həm də mədənin doyduğu bir yerdir. İçi ayrı huzur, çölü başqa həzz. Nə qədər də bizim səyahətçilər arasında məşhur olamasa da, yolunuz Bosniyaya düşsə, bu cənnəti görməkdən özünüzü məhrum etməyin deyirik. Bizsə bu gözəl məkanı səyahət siyahımıza əlavə etdiyimiz üçün çox məmnunuq. Sizin də bu məmnunluğu yaşamanız diləyiylə yeni məkanlarda görüşənədək.

Mənbə: gezdunyani.com

OXŞAR XƏBƏRLƏR