Yay istirahətini ölkə daxilində keçirən insanlar da az deyil.
Seyyah.az xəbər verir ki, bunu nəzərə alan teleqraf.com Azərbaycanın regionlarında bir sıra hotel və istirahət mərkəzlərinin qiymətlərini araşdırıb.
Qeyd edək ki, hotellərdə telefonla otaq sifariş etmək Booking.com şirkəti vasitəsi ilə otaq rezerv etməkdən ucuzdur.
Şirkət vasitəsilə otaq sifarişi 50% baha başa gəlir. Qiymətlərin telefon və şirkət vasitəsi ilə rezerv edilməsi zamanı yaranan fərqi hotel menecerləri təsdiqləsələr də, səbəbi izah edə bilmədilər.
XƏBƏRLƏRDƏ BAXIN: Qəbələnin məşhur və qeyri-məşhur otelləri və istrahət mərkəzləri – QİYMƏTLƏR
Qubadakı “Rixos Quba” otelində qiymətlər dağ və göl görüntüsünə görə dəyişir. Həftəiçi dağ görüntüsü olan iki nəfərlik otağın qiyməti 150 manat, süni göl görüntülü otaq isə 170 manatdır. Həftəsonu dağ görüntülü otaq 170 manat, süni göl görüntülü otaq isə 190 manata olur.
Hoteldə otaq sifarişləri Booking.com şirkətilə isə tamam fərqli qiymətədir. Bu zaman bir gecə 348 manat, iki gecə 696 manat başa gəlir. Bu, minimum qiymətlərdir.
“Rixos Quba” hotelinin menceri bildirdi ki, telefonla sifariş daha ucuzdur: “Qiymət 150-190 manat arası dəyişir. Amma Booking.com şirkəti ilə hotelin qiymətləri yüksək təqdim olunur. Məlumatım bu qədərdir”.
“Şahdağ Hotel & SPA” hotelində qiymətlər günə uyğun fərqlənir. Hoteldə iki nəfərlik otaqda bir gecə qalmaq üçün 185 manat ödəmk lazımdır. Booking.com şirkəti vasitəsi ilə isə bu məbləğ 185-221 manat arası dəyişir.
“Çinar Hotel & SPA Naftalan” hotelində bir gecə üçün iki nəfərlik otaq standart olaraq 204 manatdır.
Şəkidə yerləşən “Marxal Resort & SPA” hotelində iki nəfərlik otağın qiyməti bir gecə üçün 168 manat, iki gecə üçün isə 336 manatdır.
“Şəki Palace Hotel”də bir gecə 110 manatdır.
XƏBƏRLƏRDƏ BAXIN: Gecəsi cəmi 6 manatdan – BAKIDA ƏN UCUZ HOSTELLƏR
“Xan Lənkəran Hotel”, “Qubek Hotel”və “Garabag Resort & SPA” hotellərində isə otaqlar rezerv olduğu üçün hazırda boş yer yoxdur.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, hotellərdə qiymətlərin şirkət və telefon vasitəsi ilə fəqli qiymətə təqdim edilməsi düzgün deyil: “Hotellər turizm şirkətləri ilə sıx təmasda olsalar, qiymətlər daha düzgün tənzimlənər”.
Müzəffər Ağakərimov hesab edir ki, hotellərdə menecer işi qeyri-kafidir: “Hər 100 menecerdən 90-ı işi bilmir. İnsanları hotelə cəlb etmək üçün əhaliyə fərqli əyləncələr təşkil etmək əvəzinə, bayram günləri, həftəiçi və həftəsonu qiymətləri qaldırırlar. Bu, düzgün yanaşma deyil. Azərbaycanda hotel xidmətində menecerlik çox aşağı səviyyədədir”.
Bundan başqa, müşavirin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən hotellərin heç birində milli mətbəx təqdim olunmur:
“Azərbaycan mətbəxi hotel menyusuna daxil edilməlidir” (teleqraf.com)